< Yeşaya 1 >
1 Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü.
2 Ey göylər, eşidin, Ey yer üzü, dinləyin! Çünki Rəbb belə söylədi: «Övladlar yetişdirib böyütdüm, Amma onlar Mənə qarşı üsyankar oldular.
3 Öküz yiyəsini, Eşşək də sahibinin təknəsini tanıyır, Lakin İsrail xalqı Məni tanımır, Xalqım anlamır».
4 Günah edən millətin, Şər işlər görən xalqın, Yolunu azmış nəslin, Pozulmuş övladların vay halına! Onlar Rəbbi tərk etdilər, İsrailin Müqəddəsinə xor baxdılar, Ondan üz döndərdilər.
5 Siz nə üçün yenə döyüləsiniz, Niyə üsyan etməkdə davam edirsiniz? Xoralar başınızı tamamilə bürüyüb, Ürəyiniz azara düşüb.
6 Təpədən dırnağacan bədəniniz xəstədir, Bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, Yenə də vurulmuş yaralarınız Təmizlənməmiş, sarılmamış, Məlhəmlə yumşaldılmamışdır.
7 Ölkəniz viran qaldı, Şəhərləriniz alışıb-yandı, Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı. Torpağınız kimsəsiz qalıb, Sanki yad adamlar oranı talayıb.
8 Sion qızı bağdakı çardaq, bostandakı koma, Mühasirəyə alınmış şəhər kimi tək qalıb.
9 Əgər Ordular Rəbbi Bizim üçün bir neçə adamı sağ qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik.
10 Ey Sodom başçıları, Rəbbin sözünü eşidin! Siz, ey Homorra xalqı, Allahımızın təlimini dinləyin!
11 Rəbb deyir: «Qurbanlarınız çoxalıb, Mənə nə? Yandırma qoç qurbanlarından, Bəslənmiş heyvanların piyindən doymuşam. Buğa, quzu, təkə qanını istəmirəm.
12 Hüzuruma gələrkən Əlinizdə bunları gətirməyinizi kim istədi? Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız.
13 Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm!
14 Təzə Ay mərasimlərinizə, Bayram günlərinizə Ürəkdən nifrət edirəm. Bunlar Mənə yük oldu, Onları daşımaqdan yoruldum.
15 Siz əl açıb Mənə yalvaranda Göz yumacağam. Nə qədər çox dua etsəniz də, Yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur,
16 Yuyunub təmizlənin, Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, Pislik etməkdən vaz keçin.
17 Yaxşılıq etməyi öyrənin, Ədaləti axtarın, Məzlumları qurtarın, Yetimin haqqını qoruyun, Dul qadını müdafiə edin».
18 Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
19 İtaətkar olub sözə baxsanız, Torpağın ən gözəl bəhrələrindən yeyərsiniz.
20 Əgər üsyankar olub Məni rədd etsəniz, Qılınc sizi yeyəcək». Bu sözlər Rəbbin ağzından çıxıb.
21 Rəbbə sadiq şəhər Necə də fahişəyə bənzər oldu! Axı o, ədalətlə dolu idi, Orada salehlik məskunlaşmışdı, İndi isə qatillərlə doludur!
22 Gümüşünüz tullantıya çevrildi, Şərabınıza su qatıldı.
23 Başçılarınız üsyankar olub oğrularla əlbirdir. Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür. Yetimin haqqını qorumur, Dul qadını müdafiə etmək haqqında düşünmür.
24 Buna görə də Sahibimiz, Ordular Rəbbi, İsrailin Qadir Allahı Belə bəyan edir: «Yağılarımı cəzalandırıb rahatlanacağam, Düşmənlərimdən qisas alacağam.
25 Ey İsrail xalqı, sənə əlimi uzadacağam, Paxırını gilabı ilə təmizləyəcəyəm, Bütün çirkini yuyacağam.
26 Hakimlərini, məsləhətçilərini Əvvəlki kimi geri qaytaracağam. Sənə yenidən: “Salehlik şəhəri, sadiq şəhər” deyiləcək».
27 Sion ədalətlə, Tövbə edən sakinləri salehliklə qurtulacaq.
28 Lakin üsyankarlarla günahkarlar Birgə həlak olacaq, Rəbbi tərk edənlər yox olacaq.
29 Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz, Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.
30 Yarpaqları solmuş palıd ağacına, Susuz bağa dönəcəksiniz.
31 Güclü adam kətan qırıntısına oxşayacaq, Gördüyü iş qığılcım kimi olacaq, İkisi birlikdə yanacaq, Onları söndürən olmayacaq.