< Yeşaya 64 >
1 Ya Rəbb, kaş göyləri yarıb enəydin, Dağlar hüzurunda sarsılardı!
2 Alov kolluğu yandıran kimi, Od suyu qaynadan kimi Adını yağılarına tanıtdıraydın, Millətlər önündə lərzəyə gələrdi!
3 Sən gözləmədiyimiz əzəmətli işlər edəndə Endin yer üzünə, dağlar önündə sarsıldı.
4 Ona etibar edənlər üçün belə işlər edən Allahı, Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
5 Sevinə-sevinə salehlik edəni, Yollarında Səni xatırlayanları qarşılayırsan. Amma biz günaha batdıq, Sən qəzəbləndin. Beləcə xeyli vaxt yaşadıq, Bəs biz necə xilas ola bilərik?
6 Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
7 Sənin adını çağıran yoxdur, Sənə bağlanmaq üçün can atan yoxdur. Çünki bizdən üz döndərdin, Şər əməllərimizə görə bizi yox etdin.
8 Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik.
9 Ya Rəbb, çox qəzəblənmə, Şər əməllərimizi heç vaxt xatırlama, Hamımız Sənin xalqınıq, bunu nəzərə al.
10 Müqəddəs şəhərlərin səhraya, Sion çöllüyə döndü, Yerusəlim viran qaldı.
11 Atalarımızın Sənə həmd etdikləri yer – Müqəddəs, şanlı məbədimiz yandı, Gözəl binalarımız xaraba qaldı.
12 Bütün bunlardan sonra, Ya Rəbb, yenə də Özünü saxlayacaqsanmı? Susub bizi nə qədər alçaldacaqsan?