< Yeşaya 54 >
1 «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çox olacaq», Bunu Rəbb deyir.
2 «Çadırının yerini genişləndir, Məskənlərinin örtüklərini uzat, Çəkinmə, ipləri uzat, payaları vur.
3 Çünki sağa və sola səpələnəcəksən, Nəslin millətlərə yiyələnəcək, Viran qalmış şəhərlərdə məskunlaşacaq.
4 Qorxma, çünki utanmayacaqsan, Ruhdan düşmə, çünki rüsvay olmayacaqsan. Cavanlığın xəcalətini unudacaqsan, Bir daha dulluğun rüsvayçılığını Yadına salmazsan».
5 Çünki sənin ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni Satınalan İsrailin Müqəddəsidir, O bütün dünyanın Allahı adlanır.
6 Allahın deyir: «Rəbb səni çağırır Atılmış və ruhu əzilmiş, Gənc yaşında ərə getmiş, Sonra isə rədd olunmuş bir qadın kimi.
7 Bir anlığa səni tərk etdim, Amma böyük rəhmlə geri qəbul edəcəyəm.
8 Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir.
9 «Bu Mənim üçün sanki Nuhun dövründə baş verən daşqındır, Nuhun dövründəki daşqının suları Bir daha yer üzünü örtməyəcəyi barədə necə and içmişdimsə, İndi də and içirəm ki, Sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm.
10 Dağlar yerini dəyişsə də, Təpələr sarsılsa da, Sənə olan məhəbbətim dəyişməz, Sülh əhdim sarsılmaz». Bunu sənə rəhm edən Rəbb deyir.
11 «Ey tufana düşmüş, Təsəlli tapmamış yazıq şəhər! Sənin daşlarını əqiqlərlə, Təməlini göy yaqutlarla qoyacağam.
12 Qüllələrini yaqutdan, Darvazalarını ləl-cəvahirdən, Divarlarını qiymətli daşlardan hörəcəyəm.
13 Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm, Onlar tam sülh içində olacaq.
14 Salehliyində möhkəmlənəcəksən, Zülmdən uzaq olacaqsan, qorxmayacaqsan. Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq.
15 Sənə hücum edən olsa, bil ki, bu Məndən deyil, Sənə hücum edən hər kəs Qarşında yerə yıxılacaq.
16 Budur, odda kömürü körükləyən, Öz məqsədi üçün silah hazırlayan Dəmirçini Mən yaratdım. Məhv etmək üçün qırıcını da Mən yaratdım.
17 Sənə qarşı işlənən Heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən Hər kəsi təqsirkar çıxaracaqsan. Rəbbə qulluq edənlərin irsi belədir. Onların salehliyi Məndən gəlir». Bunu Rəbb bəyan edir.
A Dove is Sent Forth from the Ark