< Yeşaya 47 >
1 Ey bakirə Babil qızı, Düş aşağı, torpaqda otur. Ey Xaldey qızı, Artıq taxt yoxdur, yerdə otur. Bundan sonra sənə “Zərif, nazlı” deməyəcəklər.
2 Bir cüt dəyirman daşı götür, unu üyüt. Örpəyini aç, balağını qaldır, Baldırların açıb çaylardan keç.
3 Çılpaqlığın açılacaq, ayıb yerin görünəcək. Mən intiqam alacağam, Heç kimi əsirgəməyəcəyəm».
4 Bizi Satınalan İsrailin Müqəddəsidir, Onun adı Ordular Rəbbidir.
5 Rəbb deyir: «Ey Xaldey qızı, Qaranlığa çəkil, sakitcə otur! Çünki bundan sonra səni daha Padşahlıqların mələkəsi çağırmayacaqlar!
6 Öz xalqıma qəzəbləndim, İrsimi kiçildib sənə verdim. Lakin sən onların halına acımadın, Hətta yaşlılara da ağır boyunduruq yüklədin.
7 “Həmişə əbədi mələkə olacağam” deyə düşünürdün. Bunları ürəyinə gətirmirdin, sonu düşünmürdün.
8 İndi isə qulaq as, ey əmin-amanlıqda yaşayan zövq düşkünü! Sən ürəyində deyirdin: “Mən mənəm, Məndən başqası yoxdur. Heç vaxt dul qalmayacağam, Övlad itirmək dərdini bilməyəcəyəm”.
9 Bu iki bəla bir gündə, Qəflətən başına gələcək. Böyük cadugərliyinə, hədsiz ovsunçuluq etdiyinə baxmayaraq, Həm övladlarını itirəcək, həm də dul qalacaqsan.
10 Pisliyinə güvəndin, Dedin: “Məni heç kim görmür”. Sənin hikmətin və biliyin səni azdırdı. Düşündün: “Mən mənəm, Məndən başqası yoxdur”.
11 Lakin üzərinə bəla gələcək, Sən onun qarşısını ala bilməyəcəksən, Sən xərac versən də, bu fəlakət üstünə gələcək, Bilmədiyin bəla qəflətən üzərinə düşəcək.
12 Gənc yaşlarından bəri Məşğul olduğun ovsunçuluğuna və böyük cadugərliyinə davam et. Bəlkə onlardan bir xeyir görərsən, Bəlkə düşmənlərini onlarla vahiməyə sala bilərsən!
13 Aldığın çoxlu məsləhətlər səni üzdü. Qoy ulduz falına baxanlar, münəccimlər, Yeni ay çıxanda olacaq hadisələri bildirənlər İndi gəlib səni Başına gələn bəlalardan xilas etsinlər.
14 Bax, onlar küləş kimidir, Od onları yandırıb-yaxar. Özlərini alovun gücündən xilas edə bilməyəcəklər. Bu alov isinmək üçün kömürlü od deyil, Qabağında oturulacaq od deyil.
15 Sənin işlədiyin, cavanlığından bəri alver etdiyin adamların Aqibəti belə olacaq. Hər kəs öz yolu ilə gedəcək, səni xilas edən olmayacaq.