< Yeşaya 41 >
1 Rəbb deyir: «Susun qarşımda, ey uzaq diyarlar! Qoy ümmətlər yeni güc alsın, Qoy yaxınlaşıb danışsınlar, Məhkəmə üçün birgə toplaşaq.
2 Ədalətli adamı şərqdən kim ayağa qaldırdı? Kim ona xidmət etməyi əmr etdi? Millətləri onun ixtiyarına kim verdi? Padşahları kim məğlub etdi? O öz qılıncı ilə Onları torpağın tozuna çevirir, Yayı ilə göyə sovrulan samana döndərir.
3 O onları təqib edir, Ayaqlarını basmadığı yoldan sağ-salamat keçir.
4 Bunları kim etdi, tamamladı? Əzəldən bəri nəsilləri çağıran kimdir? Mən Rəbbəm, birinciyəm və sonuncularla da Mən Oyam».
5 Uzaq diyarlar bunu görüb qorxdu, Dünyanın ucqar yerləri lərzəyə gəldi. Onlar yaxınlaşıb gəldilər,
6 Hər kəs qonşusuna kömək edir, Qardaşına «Cəsur ol!» deyir.
7 Usta zərgəri ürəkləndirir, Hamarlayan zindana çəkiclə vuranı ruhlandırır, «Lehim yaxşı oldu» deyir. Büt yerindən laxlamasın deyə bütün mıxları bərkidirlər.
8 Lakin sən ey qulum İsrail, Seçdiyim Yaqub nəsli, Dostum İbrahimin övladları!
9 Səni dünyanın ucqar yerlərindən topladım, Ən uzaq yerlərdən səslədim: «Sən qulumsan, səni seçdim, rədd etmədim» dedim.
10 Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam.
11 Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq, Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq.
12 Səninlə düşmənçilik edənləri axtaracaqsan, Amma tapa bilməyəcəksən, Səninlə vuruşanlar heç olacaq,
13 Çünki sənin sağ əlindən tutub «Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm.
14 «Ey torpaq qurdu olan Yaqub nəsli, Ey İsrail əhli, qorxma! Sənə kömək edəcəyəm» Rəbb bəyan edir. Səni Satınalan İsrailin Müqəddəsidir.
15 Budur, səni təzə, dişləri iti vəl edəcəyəm. Sən dağları döyüb əzəcəksən, Təpələri saman çöpü kimi sovuracaqsan.
16 Sən onları sovurduqda külək aparacaq, Qasırğa onları dağıdacaq, Sənsə Rəbdə sevinəcəksən, İsrailin Müqəddəsi ilə öyünəcəksən.
17 Məzlumlar və fəqirlər Su axtarıb tapmayanda Dilləri susuzluqdan quruyur. Mən Rəbb onlara cavab verəcəyəm. Mən İsrailin Allahı onları tərk etməyəcəyəm.
18 Çılpaq təpələrdən çaylar, Vadilərdə su mənbələri açacağam. Səhranı gölməçəyə, quraq torpağı bulaqlara çevirəcəyəm.
19 Səhrada sidr, əbrişim, mərsin və zeytun əkəcəyəm. Quru torpaqda şam, çinar və sərv ağacını bir sırada salacağam.
20 Beləcə insanlar görüb bilsin, Birgə fikirləşib başa düşsün: Bunu edən Rəbbin əlidir, Bunu yaradan İsrailin Müqəddəsidir.
21 Rəbb deyir: «İşinizi təqdim edin, Sübutlarınızı göstərin», Bunu Yaqubun Padşahı söyləyir.
22 Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin, Olub-keçənləri bizə nəql etsin, Biz dərindən düşünüb sonunu öyrənək. Yaxud onlar gələcəyi bizə agah etsin.
23 Ey bütlər, bundan sonra baş verən hadisələrdən bizə danışın, Qoy sizin allah olduğunuzu bilək! Yaxşılıq ya pislik edin ki, hamımız qorxub vahiməyə düşək.
24 Amma siz heç nəsiniz, əməlləriniz də heçdir. Sizə səcdə etməyi seçən iyrəncdir!
25 Şimaldan bir nəfəri hərəkətə gətirdim, o gəlir. O, gündoğandan adımı çağıracaq. Dulusçu gili tapdalayan kimi O, hökmdarları palçıq kimi tapdalayacaq.
26 Kim bunu başlanğıcdan bəyan etdi ki, biz bilək, Əvvəlcədən kim bildirdi ki, Biz «O haqlıdır» deyə bilək? Amma bunu bəyan edən yox idi, Bildirən yox idi, Sözlərinizi eşidən də yox idi.
27 İlk olaraq Siona «budur, budur onlar» deyirəm. Yerusəlimə müjdəçini göndərəcəyəm.
28 Baxdım, aralarında öyüd-nəsihət verə bilən heç kim yox idi ki, Onlardan soruşum, bir cavab alım.
29 Budur, hamısı puçdur, Etdikləri işlər də heç bir şeydir, İnsanların tökmə bütləri yalnız küləkdir, fanidir.