< Yeşaya 40 >
1 Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin!
2 Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, Təqsirlərinin əvəzinin verilməsini, Bütün günahlarına görə Rəbbin əlindən İkiqat cəza aldıqlarını onlara bəyan edin».
3 Nida edənin səsi gəlir: «Səhrada Rəbbin yolunu hazırlayın, Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin.
4 Hər dərə yüksəldiləcək, Hər dağ və təpə aşağı endiriləcək, Yoldakı əyriliklər düzələcək, Kələ-kötür yerlər hamar ediləcək.
5 Rəbbin əzəməti aşkar olunacaq, Bütün bəşər bunu birlikdə görəcək». Bu sözlər Rəbbin ağzından çıxıb.
6 Səs deyir: «Bəyan et!» «Nəyi bəyan edim?» deyə soruşdum. «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir.
7 Rəbb nəfəsini üzərinə üfürəndə Ot quruyar, çiçək solar, Həqiqətən, bu xalq ota oxşar.
8 Ot quruyar, çiçək solar, Amma Allahımızın sözü əbədi qalar».
9 Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, Ucalt səsini, car çək, Qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: «Budur Allahınız!»
10 Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, Mükafatı Onunladır, Ənamı önündədir.
11 O Öz sürüsünü çoban kimi otaracaq, Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, Sağmal heyvanların qayğısını çəkib otaracaq.
12 Kim dənizləri ovcu ilə, Göyləri qarışı ilə ölçüb? Yerin torpağını ölçü ilə, Dağları qapanla, Təpələri tərəzi ilə kim çəkib?
13 Rəbbin Ruhuna kim yol göstərdi? Ona kim məsləhətçi olub öyrətdi?
14 Ağıl öyrənmək üçün O kimdən məsləhət alıb? Ədalət yolunu kimdir ona göstərən? Kimdir Rəbbə bilik verən? Kimdir Ona dərrakə yolunu anladan?
15 Rəbb üçün millətlər vedrədə bir damla su kimidir, Tərəzidə toz zərrəsi kimi sayılar, Budur, adaları da toz kimi göyə sovurar.
16 Qurbanları yandırmaq üçün Livan meşəsi kifayət deyil, Yandırma qurbanlar üçün oradakı heyvanlar bəs deyil.
17 Rəbbin önündə bütün millətlər heçdir, Bu Onun önündə heçdən də az, boş sayılar.
18 Bəs onda Allahı kimə bənzədərsiniz? Onu nəyə oxşadarsınız?
19 Bütəmi? Onu usta tökür, Zərgər qızılla örtür, Gümüş zəncirlərlə bəzəyir.
20 Belə təqdimi gətirə bilməyən yoxsul adam Çürüməyən bir ağac seçər, Məharətli usta tapar ki, Yerindən tərpənməyən büt düzəltsin.
21 Məgər siz bilmirsiniz? Məgər eşitməmisiniz? Başlanğıcdan bəri bunu sizə bildirmədilərmi? Dünyanın təməli qoyulduqdan bəri bunu dərk etmədinizmi?
22 Rəbb göy qübbəsinin üstündə oturur, Yer üzündə yaşayanlar çəyirtkə kimidir. Göyləri tül pərdə kimi açır, Onları yaşamaq üçün çadır kimi qurur.
23 Rəbb padşahları heç edər, Dünya hökmdarlarını heçə endirər.
24 Onlar yenicə basdırılan, yenicə əkilən, Gövdələri yenicə kök salan ağaclara bənzəyər. Üzərlərindən Rəbbin küləyi əsəndə quruyarlar, Qasırğa onları saman çöpü kimi sovurar.
25 «Bəs Məni onda kimə bənzədərsiniz ki, Mən ona oxşayım?» Deyir Müqəddəs Olan.
26 Başınızı göylərə qaldırıb baxın: Bunları kim yaratdı? Rəbb göy cisimlərini sıraya düzüb çıxarar, Onların hamısını adları ilə çağırar. Bol qüvvəsinə, böyük qüdrətinə görə Onlardan heç biri əskik olmaz.
27 Ey Yaqub nəsli, ey İsrail! Nə üçün «Rəbb başıma gələnləri bilmir, Allahım mənim haqqıma diqqətsizlik edir?» Deyib gileylənirsən?
28 Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir.
29 O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar.
30 Hətta cavanlar yorular, taqətdən düşər, İgidlər əldən düşüb titrəyər.
31 Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar, Qanad açıb qartal kimi yüksəklərə uçar, Qaçanda taqətdən düşməzlər, Yol gedib yorulmazlar.