< Yeşaya 32 >
1 Budur, padşah salehliklə hökm sürəcək, Başçılar ədalətlə rəhbərlik edəcək.
2 Onların hər biri Küləyə qarşı bir pənahgah, Fırtınaya qarşı sığınacaq, Quraqlıqda bulaqlar, Cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq.
3 Görənlərin gözləri bir daha yumulmayacaq, Eşidənlərin qulaqları dinləyəcək.
4 Ağılsızların ağlı biliyə doğru yönələcək, Pəltəklər açıq-aydın danışacaq.
5 Artıq axmaq adama alicənab deyilməyəcək, Alçağı ağayana insan saymayacaqlar.
6 Çünki axmaq səfeh-səfeh danışır, Ürəyinin niyyəti pislik etməkdir. Onun işi küfr edib, Rəbbə qarşı təhqiranə danışmaq, Acları ac, susuzları susuz qoymaqdır.
7 Alçaq adamın əməlləri pisdir. O, hiylə işlədir ki, Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin.
8 Amma alicənab adam Alicənab şeylər barəsində fikirləşər. Elədiyi xoş əməllər ona dayaqdır.
9 Ey qayğısız qadınlar, Qalxın, səsimi eşidin! Ey laqeyd qızlar, sözümü dinləyin!
10 Ey laqeyd qadınlar, Siz bir ildən sonra sarsılacaqsınız, Çünki bağda məhsul, Meyvə yığımı olmayacaq.
11 Ey qayğısızlar, əsin! Ey laqeydlər, lərzəyə gəlin, Geyimlərinizi çıxarın, Soyunun, belinizə çul qurşayın.
12 Gözəl tarlalar, Məhsuldar meynələr üçün,
13 Xalqımın tikanlı kollar bitən torpağı üçün, Zövq-səfalı şəhərlərdəki şən evləriniz üçün Sinə döyün.
14 Çünki saray viranə, İzdihamlı şəhər boş qalacaq, Qala ilə gözətçi qülləsi Əbədilik mağaralara çevriləcək, Vəhşi eşşəklərin gəzdiyi, Sürülərin otlaq yeri olacaq.
15 Bunlar yuxarıdan üzərimizə Ruh tökülənədək davam edəcək. O vaxt səhra məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönəcək.
16 Sonra ədalət səhrada məskunlaşacaq, Salehlik məhsuldar tarlada yaşayacaq.
17 Salehliyin bəhrəsi əmin-amanlıq, Nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq.
18 Xalqım əmin-amanlıq içində evlərində, Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq.
19 Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da,
20 Bütün sulu torpaqlarda toxum əkənlər, Oraya malını, eşşəyini sərbəst buraxanlar, Siz nə xoşbəxtsiniz!