< Yeşaya 30 >
1 Rəbb bəyan edir: «Bu dikbaş övladların vay halına, Mənim niyyətlərimi yox, öz niyyətlərini qururlar, Ruhuma uyğun olmayan razılaşma edirlər, Eləcə günahı günaha qatırlar.
2 Məndən məsləhət almadan Misirə gedirlər, Fironun himayəsini axtarırlar, Misirin kölgəsi altında sığınacaq tapırlar.
3 Fəqət fironun himayəsi Onlar üçün xəcalətə, Misir kölgəsi altındakı Sığınacaq rüsvayçılığa çevriləcək.
4 Başçıları Soanda olduqlarına, Elçiləri Xanesə yetişdiklərinə baxmayaraq,
5 Özlərinə faydası olmayan xalqa görə hamı utanacaq. O xalqın onlara nə köməyi, nə də faydası olacaq, Ancaq xəcalət və rüsvayçılıq olacaq».
6 Negev heyvanları barəsində xəbərdarlıq: Yəhudanın elçiləri erkək və dişi aslanların, Gürzələrin, uçan ilanların yaşadığı Narahat və təhlükəli torpaqdan keçirlər. Mal-dövlətini eşşəklərin belinə, Xəzinələrini dəvələrin hürgücünə yükləyib Onlara kömək edə bilməyən xalq üçün aparırlar.
7 Misirin köməyi boş və faydasızdır, Buna görə də Mən Misirə «Tənbəl Rahav» adını qoydum.
8 «İndi get, sənə danışdığımı Onların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki, Gələcəkdə, əbədiyyətdə şahid olsun.
9 Çünki bu, üsyankar xalq, Yalançılar nəslidir, Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur.
10 Onlar baxıcılara “bir daha görüntü görməyin”, Görücülərə “bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin, Bizə xoş sözlər söyləyin, Arzuladığımızı peyğəmbərlik edin.
11 Yoldan çəkilin, bizə yol verin, İsrailin Müqəddəsini bizimlə üzləşdirməyin” deyirlər».
12 Buna görə də İsrailin Müqəddəsi belə deyir: «Bu sözü rədd etdiyinizə görə, Zorakılığa və yalana güvənib bel bağladığınıza görə
13 Bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənzəyir, Qəflətən, bir an içində dağıla bilər.
14 Ölkəniz də bir gil qab kimi qırılacaq, Elə xıncım-xıncım olacaq ki, Ocaqdan od götürmək üçün Yaxud hovuzdan su çəkmək üçün bir qırığı da qalmayacaq».
15 Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz.
16 Siz dediniz: “Xeyr, atlara minib-qaçacağıq”, Buna görə siz qaçmalı olacaqsınız. “Çevik atlara minəcəyik”. Buna görə təqibçiləriniz də çevik olacaq.
17 Min nəfər bir nəfərin hədəsinə görə qaçacaq, Beş nəfərin hədəsinə görə hamınız qaçacaqsınız; Sağ qalanlarınız dağın zirvəsindəki bayrağın şüvülü tək, Təpədəki bayraq tək olacaq».
18 Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, Yenə də sizə rəhm etməyə hazırdır, Çünki Rəbb adil Allahdır, Onu intizarla gözləyənlər nə bəxtiyardır!
19 Ey Yerusəlimdə yaşayanlar, ey Sion xalqı, Siz artıq ağlamayacaqsınız, Fəryad etdikdə Rəbb sizin üçün lütfkar olacaq, Fəryadınızı eşidən kimi cavab verəcək.
20 Rəbb çörəyi əzabla, suyu çətinliklə sizə verəcək, Lakin O bir daha Mürəbbinizi sizdən gizlətməyəcək, Onu gözünüzlə görəcəksiniz.
21 Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.
22 Onda siz gümüşlə örtülən oyma bütlərinizi, Qızılla örtülmüş tökmə bütlərinizi Murdar hesab edəcəksiniz. Murdar bir şeyi atdığınız kimi onları atıb deyəcəksiniz: «Rədd ol!»
23 Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək, Torpağın məhsulu bol və bərəkətli olacaq. O gün mal-qaranız geniş otlaqlarda otlayacaq.
24 Torpağı şumlayan öküzlərlə eşşəklər Kürəklə, yaba ilə sovrulmuş duzlu yem yeyəcək.
25 O böyük məğlubiyyət günündə Qalalar yerə çökəndə Hər hündür dağdan, Hər uca təpədən sellər axacaq.
26 Rəbb Öz xalqının yaralarını sarıdığı gün, Zərbəsi ilə açdığı yaralarına şəfa verən gün, Ay işığı günəş işığı, Günəşin işığı yeddi günün işığı kimi Yeddi qat artıq parlayacaq.
27 Budur, Rəbbin adı uzaqdan gəlir, Qızğın qeyzlə qara bulud içində Ağzı qəzəbli sözlərlə doludur, Dili sanki hər şeyi məhv edən alovdur.
28 Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir, Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar, Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar.
29 Siz isə müqəddəs bayram gecəsi kimi İlahilər oxuyacaqsınız. Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan tək Ürəyiniz şadlanacaq.
30 Rəbb əzəmətli səsini eşitdirəcək, Qızğın qəzəblə, hər şeyi yandıran alovla, Fırtına ilə, güclü leysanla, dolu ilə Qolunun qüdrətini göstərəcək.
31 Aşşur Rəbbin səsindən vahiməyə gələcək, Rəbb dəyənəyi ilə onları vuracaq.
32 Rəbbin onlara endirdiyi dəyənəyinin hər zərbəsini Dəf və liralar müşayiət edəcək. Döyüşərkən əl-qol atıb onları vuracaq.
33 Tofet çoxdan hazırdır, Aşşur padşahı üçün də O yer dərinləşdirilib genişləndirilmişdir. Od çuxurunda çoxlu odun, alov var. Rəbbin nəfəsi kükürd axını kimi onu yandırar.