< Yeşaya 28 >
1 Məhsuldar vadinin başında yerləşən, Şəraba uymuşların şəhərinin – Efrayim sərxoşlarının qürurlu tacının, İzzətli gözəlliyin və solan çiçəyin vay halına!
2 Budur, Rəbbin güclü, qüvvətli bir adamı var. O, bərk yağan dolu, Bəla gətirən fırtına kimi, Hər şeyi yolunda məhv edən sel kimi gəlir, Əlləri ilə şəhəri yerlə yeksan edəcək.
3 Efrayim sərxoşlarının şəhəri, qürur tacı Ayaq altında tapdalanacaq.
4 Məhsuldar vadinin başında yerləşən şəhər, İzzətli və gözəl tac, Artıq solan çiçəyi xatırladan şəhər, Vaxtından əvvəl yetişən əncir kimi olacaq. Onu görən tez dərib yeyəcək.
5 O gün Ordular Rəbbi Sağ qalan xalqı üçün Gözəllik tacı, izzət çələngi olacaq.
6 Hökm kürsüsündə oturana ədalət ruhu, Şəhər darvazalarını müdafiə edənlərə qüdrət verəcək.
7 Kahinlər və peyğəmbərlər də şərabdan səndələyir, İçkidən büdrəyir, Şərab içib xumarlanıb, İçkidən yollarını azıb. Onlar yanlış görüntülər görür, Tutarsız qərarlar qəbul edir.
8 Bütün süfrələri qusmaq və natəmizliklə doludur, Bulanmamış yer yoxdur!
9 «Bu adam kimi öyrədir? Kimə öyüd verir? Süddən kəsilmiş, ana döşündən ayrılmış körpə uşaqlaramı?
10 Bu nədir? Əmr üstünə əmr, əmr üstünə əmr, Sətir üstünə sətir, sətir üstünə sətir, Bir az oradan, bir az buradan».
11 Onda Rəbb bu xalqla Yadellilərin ağzı ilə, Başqa dildə danışacaq.
12 O sizin hamınıza dedi: «Rahatlıq budur, Yorğunlara dinclik verin, budur istirahət». Amma onlar eşitmək istəmədilər.
13 Rəbbin sözü onlar üçün «Əmr üstünə əmr, əmr üstünə əmr, Sətir üstünə sətir, sətir üstünə sətir, Bir az oradan, bir az buradan» olacaq ki, Gedib arxası üstə yıxılsınlar, yaralansınlar, Tələyə düşüb əsir aparılsınlar.
14 Buna görə də, ey rişxəndçilər, Yerusəlimdə olan bu xalqın rəhbərləri, Rəbbin sözünə qulaq asın!
15 Madam ki siz dediniz: «Ölümlə əhd bağladıq, Ölülər diyarı ilə razılığa gəldik, Ölkəyə böyük bəla gələndə Bizə zərər verməyəcək, Çünki yalanı özümüzə sığınacaq etdik, Hiylənin arxasında gizləndik», (Sheol )
16 Buna görə də Xudavənd Rəbb belə deyir: Budur, Sionda təməl olaraq bir daş, Sınaqdan keçirilmiş daş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən hər kəs narahat olmayacaq.
17 Ədaləti ölçü, salehliyi şaqul edəcəyəm. Yalan sığınacağını dolu məhv edəcək, Gizləndiyiniz yerləri sellər yuyub-aparacaq.
18 Ölümlə bağladığınız əhd ləğv olunacaq, Ölülər diyarı ilə razılığınız qüvvədən düşəcək. Ölkəyə böyük bəla gələndə sizi məhv edəcək. (Sheol )
19 Bu bəla hər gələndə sizə toxunacaq. O hər səhər, gecə-gündüz keçəcək. Bu xəbəri anlayanda dəhşətə gələcəksiniz.
20 Yataq uzanmaq üçün qısa, Yorğan bürünmək üçün dar olacaq.
21 Çünki Rəbb Perasim dağında etdiyi kimi qalxacaq, Giveon vadisindəki kimi qəzəblənəcək. O Öz işini, qeyri-adi işini yerinə yetirəcək! Öz əməlini, naməlum əməlini həyata keçirəcək.
22 Buna görə də rişxənd etməyin ki, Buxovlarınız daha da ağırlaşmasın. Çünki Ordular Rəbbi Xudavənddən eşitmişəm ki, Bütün ölkə məhv olacaq.
23 Qulaq asın, səsimi eşidin, diqqət edin, Dediyimi dinləyin.
24 Əkinçi əkin əkmək üçün durmadan yeri şumlayarmı, Torpaqda şırım açıb malalayarmı?
25 O, torpağı hamarlayandan sonra qara çörək otunu, zirəni səpməzmi? Buğdanı sıra ilə, arpanı ayırdığı yerə, pərinci də onun yanına əkməzmi?
26 Allah ona öyüd verər, onu öyrədər.
27 Çünki qara çörək otunu vəl ilə döyməzlər, Zirənin üstünə araba təkərləri ilə sürməzlər. Qara çörək otu dəyənəklə, zirə isə çubuqla döyülər.
28 Buğdanı çörək bişirmək üçün xırmanda döyürlər, Amma o fasiləsiz döyülməz. Xırmanın üstündən araba və atlar keçsə də, buğdanı əzməz.
29 Bu hikmət Ordular Rəbbindən gəlir. Onun məsləhəti ecazkardır, hikməti böyükdür.