< Yeşaya 25 >
1 Ya Rəbb, Sən mənim Allahımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram. Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini Sədaqətlə həyata keçirdin.
2 Çünki Sən şəhəri bir daş yığınına, İstehkamlı şəhəri xarabalığa döndərdin. O şəhər yadellilərin qalası idi, Ondan əsər-əlamət qalmadı, O bir daha bərpa olunmaz.
3 Buna görə qüvvətli xalqlar Səni izzətləndirəcək. Qəddar millətlərə mənsub şəhərlər Səndən qorxacaq.
4 Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,
5 Quraqlıqda bürkü kimidir. Lakin Sən, ya Rəbb, Zülmkarların azğınlığını bulud bürkünün qarşısını alan kimi aldın, Amansız yağıların nəğmə səslərini kəsdin.
6 Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün Zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq.
7 Bu dağda bütün xalqların üzərindəki duvağı, Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək.
8 Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi.
9 O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!»
10 Rəbbin əli bu dağın üstündə olacaq, Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq.
11 Üzgüçü üzərkən əl-qol atdığı kimi Moav peyinlikdə əl-qol atacaq, Amma Allah Moavın qürurunu əllərinin məharəti ilə alçaldacaq.
12 O, Moavın istehkamlarını, Yüksək divarlarını yerə endirəcək, Dağıdıb yerlə yeksan edəcək.