< Yeşaya 22 >
1 Görüntü vadisi barəsində xəbərdarlıq: Ey şəhər xalqı, nə olub ki, hamınız damlara çıxmısınız?
2 Ey səs-küylü, əylənən, gurultulu şəhər, Öldürülənləriniz nə qılıncdan keçirildi, Nə də döyüşlərdə öldürüldü.
3 Başçılarınız birlikdə qaçdı, Onlar kamanlarından ox atmamış yaxalandı. Uzaqlara qaçdıqlarına baxmayaraq hamısı birgə yaxalandı.
4 Buna görə mən belə dedim: «Məni tənha qoyun, qoy acı-acı ağlayım, Əziz xalqım məğlub olduğuna görə Mənə təsəlli verməyə cəhd göstərməyin».
5 Çünki Ordular Rəbbi Xudavəndin Görüntü vadisində təlaş, basqın və çaşqınlıq günü var. Divarların dağıdılması və fəryadın dağlara çatdığı gün gəlir.
6 Elamlılar oxdanlarını tutub adamlarla dolu döyüş arabaları ilə, süvariləri ilə gəldilər. Kir sakinləri qalxanlarını açdılar.
7 Ən gözəl vadilərin döyüş arabaları ilə doludur, Süvarilər şəhər darvazalarının qarşısına düzüldülər.
8 Yəhudanın istehkamları deşik-deşik oldu, O gün siz «Meşə» adlı evdə saxlanılan silaha nəzər saldınız.
9 Davudun şəhərinin divarlarında çoxlu dəlik-deşik əmələ gəldiyini gördünüz, Aşağı hovuza su yığdınız.
10 Yerusəlimdəki evləri saydınız, Şəhər divarının təmiri üçün evləri sökdünüz.
11 Köhnə hovuzun suları üçün İki divar arasında su anbarı düzəltdiniz. Lakin bu işi Görənə baxmadınız, Bunu çoxdan hazırlayan Allaha nəzər salmadınız.
12 O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa, Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı.
13 Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız, «Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz, Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz.
14 Ordular Rəbbi bunu mənə açdı: «Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!» Ordular Rəbbi Xudavənd belə buyurur.
15 Ordular Rəbbi Xudavənd belə dedi: Dur, saray rəisi Şevnanın yanına get və de:
16 «Sənin burada nə işin var? Kim icazə verib ki, Burada – yüksəkdə özün üçün məzar qazasan, Qayanın içində özünə sərdabə düzəldəsən?
17 Ey güclü kişi, bax Rəbb səni var-qüvvə ilə atıb-tutacaq,
18 Top kimi yuvarlayacaq, Gen-bol ölkəyə atacaq. Orada öləcəksən və öyündüyün arabaların orada qalacaq, Axı öz ağanın evini biabır edən sənsən!
19 Səni vəzifəndən atacağam, Tutduğun yerindən qovacağam.
20 O gün qulum Xilqiya oğlu Elyaqimi çağırıb
21 Sənin geyimini ona geyindirəcəyəm, Sənin qurşağını onun belinə bağlayacağam, Səlahiyyətini onun ixtiyarına verəcəyəm. Bu adam Yerusəlim sakinlərinə, Yəhuda xalqına ata olacaq.
22 Davud nəslinin açarını onun çiynindən asacağam, Açdığını heç kim bağlaya bilməyəcək, Bağladığını heç kim aça bilməyəcək.
23 Mən onu paya kimi bərk yerə vuracağam. O, nəsli üçün fəxr olacaq.
24 Bütün nəslinin şöhrəti onun üzərində olacaq. Nəslin və övladların şərəfi – Taslardan tabaqlaradək Bütün qab-qacaqların şöhrəti Onun üzərində olacaq».
25 Ordular Rəbbi bəyan edir: «O gün bərk yerə vurulmuş paya qırılıb-düşəcək, onun üstünə asılan yük də yox olacaq». Çünki Rəbb belə söylədi.