< Yeşaya 21 >
1 Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq: Cənubdan necə fırtınalar gəlirsə, Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir.
2 Dəhşətli görüntü mənə nazil oldu: Xain xainlik edir, viranəçi viran edir. Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al! Babilin bais olduğu bütün fəryadlara son qoyacağam.
3 Gördüklərimdən belimə sancı düşdü, Doğan qadın tək məni ağrı tutdu. Eşitdiklərimdən sarsıldım Gördüklərimdən məni vahimə bürüdü.
4 Ürəyim əsir, dəhşət məni bürüyür. Həsrətlə gözlədiyim sübh artıq məni qorxudur.
5 Gördüyüm görüntüdə süfrə hazırlayırlar, Xalçalar sərirlər, Yeyib-içirlər. Qalxın, ey sərkərdələr, Qalxanları yağlayın!
6 Xudavənd mənə belə dedi: «Get, gözətçi təyin et, Qoy o gördüklərini danışsın.
7 Qoşa atlı döyüş arabalarına, Atlara, eşşəklərə, dəvələrə minmiş Adamları gördükdə çox diqqət edin».
8 Gözətçi bağırdı: «Ey Xudavənd, gözətçi qülləsində daim duraram, Hər gecə yerimdə növbəmdə olaram.
9 Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir». Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı! Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».
10 Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım! İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.
11 Duma barəsində xəbərdarlıq: Bir nəfər Seirdən məni səsləyir: «Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb? Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?»
12 Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb, Lakin yenə gecə gələcək. Soruşmaq istəsəniz, yenə gəlin soruşun».
13 Ərəbistan barəsində xəbərdarlıq: Ey Dedan karvanları, Ərəbistan meşələrində gecələyəcəksiniz!
14 Ey Tema sakinləri, Susamışlara su gətirin! Qaçıb qurtulanlara çörək verin!
15 Çünki onlar qılıncdan, Sıyrılmış qılıncdan, Çəkilmiş ox-kamandan, ağır döyüşdən qaçıb.
16 Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq.
17 Oxatanlardan, Qedar nəslinin cəngavərlərindən az qalacaq». İsrailin Allahı Rəbb belə dedi.