< Yeşaya 12 >
1 O gün sən, ey İsrail, belə deyəcəksən: «Ya Rəbb, Sənə şükür edəcəyəm! Sən mənə qəzəblənirdin, Lakin qəzəbin söndü, Mənə təsəlli verdin.
2 Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!»
3 Sevinclə xilas mənbələrindən Su çəkəcəksiniz.
4 O gün belə deyəcəksiniz, «Rəbbə şükür edin, Onun adını çağırın, Xalqlar arasında Onun işlərini bəyan edin, Onun adının ucalığını elan edin.
5 Rəbbi tərənnüm edin, Çünki O, möhtəşəm işlər gördü, Qoy bütün dünya bunu bilsin!
6 Ey Sion sakinləri, səsinizi ucaldın, Sevinclə çığırın, Çünki aranızdakı İsrailin Müqəddəsi böyükdür».