< Yeşaya 11 >
1 Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, Kökündən çıxan bir budaq bar verəcək.
2 Rəbbin Ruhu, Hikmət və anlayış ruhu, Öyüd-nəsihət və qüdrət ruhu, Bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq.
3 O, Rəbb qorxusunda sevinc tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, Qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq.
4 Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək.
5 O, belini salehliklə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq.
6 O gün qurdla quzu bir yerdə yaşayacaq, Bəbirlə çəpiş birgə yatacaq, Dana, gənc aslan və bəslənmiş mal-qara Yan-yana duracaq, Onları balaca uşaq gəzdirəcək.
7 İnəklə ayı bir yerdə otlayacaq, Onların balaları bir yerdə yatacaq, Şir də buğa tək saman yeyəcək.
8 Südəmər körpə əfi ilanın Yuvası üstündə oynayacaq, Süddən kəsilmiş uşaq Əlini gürzənin yuvasına salacaq.
9 Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin biliyi ilə dolacaq.
10 O gün Yesseyin kökü xalqlara bayraq olacaq, Millətlər ona tərəf yönələcək Məskunlaşdığı yer izzətlə dolacaq.
11 O gün Xudavənd Aşşurdan, Misirdən, Patrosdan, Kuşdan, Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan Xalqının sağ qalanlarını qurtarmaq üçün İkinci dəfə əlini uzadacaq.
12 Millətlər üçün bayraq qaldıracaq, Əsir düşmüş İsrail övladlarını yığacaq, Dağılmış Yəhudalıları Dünyanın dörd bucağından bir yerə gətirəcək.
13 Efrayimin qısqanclığı yox olacaq, Yəhudanı sıxışdıranlar məhv olacaq. Efrayim Yəhudaya qısqanmayacaq, Yəhuda Efrayimi sıxışdırmayacaq.
14 Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək, Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək, Edom və Moav torpaqlarını zəbt edəcək, Ammonlular onlara tabe olacaq.
15 Rəbb Misirdəki dənizin körfəzini Büsbütün qurudacaq. Fərat çayının üzərində Əlini yellədərək səmum küləyi gətirəcək, O, çayı yeddi dərəyə böləcək, Adamlar oradan çarıqlarla keçə biləcək.
16 İsrail övladları Misir torpağından çıxdığı kimi Rəbbin Aşşurda sağ qalan xalqı üçün Böyük bir çıxış yolu olacaq.