< Huşə 9 >
1 Ey İsrail, başqa xalqlar kimi Sevinib coşma, Çünki öz Allahına xəyanət etdin. Bütün xırmanlarda Fahişəlik muzduna könül verdin.
2 Xırman və üzümsıxan xalqı doydurmayacaq, Təzə şərab onlara qismət olmayacaq.
3 Rəbbin torpağında yaşamayacaqlar, Efrayim Misirə qayıdacaq, Aşşurda murdar yemək yeyəcək.
4 Rəbbə təqdim olaraq şərab tökməyəcəklər, Qurbanları Ona məqbul olmayacaq. Qurbanlar onlara yas çörəyi olacaq, Onu yeyənlərin hamısı murdar olacaq. Çörəkləri özlərinə qismət olacaq, Amma Rəbbin evinə gətirilməyəcək.
5 Təntənəli bayramda, Rəbbin bayram günündə nə edəcəksiniz?
6 Məhvdən qaçsalar da, Misir onları yığacaq, Memfis qəbirə basdıracaq. Onların gümüş xəzinələrini gicitkən tutacaq, Çadırlarında qanqal bitəcək.
7 Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız.
8 Peyğəmbər Allahımın Efrayim üzərində qoyduğu gözətçidir. Amma onun getdiyi hər yerdə tor qurdular, Allahın evində düşmənçilik var.
9 Givea günlərində olduğu kimi Onlar böyük pozğunluğa düçar oldu. Allah onların təqsirlərini yada salacaq, Günahları üçün onları cəzalandıracaq.
10 Səhrada üzüm tapan kimi Mən İsraili tapdım, İlk dəfə məhsul verən əncir nübarı kimi Mən atalarınızı gördüm. Amma onlar Baal-Peora çatanda Rüsvayçı bütlərə təslim oldu. Özləri də sevdikləri şeylər kimi İyrənc oldu.
11 Efrayimin calalı Bir quş kimi uçub gedəcək. Nə doğum, nə hamiləlik, nə mayalanma olacaq.
12 Öz uşaqlarını böyütsələr də, Balalarını əllərindən alacağam, Onları kimsəsiz qoyacağam. Mən onları tərk etdikdə vay hallarına!
13 Mən gördüm ki, Efrayim Sur şəhəri kimi gözəl bir yerdə məskən salıb. Amma Efrayim öz övladlarını Qatil qabağına çıxaracaq».
14 Ya Rəbb, nə verəcəksən, ver onlara, Onlara uşaq salan bətn, südsüz döşlər ver!
15 Rəbb deyir: «Onlar bütün pis əməllərini Qilqalda edir, Orada onlara nifrət etdim. Etdikləri günahlardan ötrü Onları evimdən qovacağam. Artıq onları sevməyəcəyəm. Bütün başçıları üsyankardır.
16 Efrayim kəsildi, Kökləri qurudu. Onlar bar verməyəcək. Əgər doğsalar da, Bətnlərinin əziz barını Mən məhv edəcəyəm».
17 Allahım onları rədd edəcək, Çünki Ona qulaq asmadılar. Millətlər arasında sərgərdan gəzəcəklər.