< Huşə 7 >
1 İsrailə şəfa vermək istəyəndə Efrayimin günahları, Samariyanın pislikləri ortaya çıxır. Çünki hiylə ilə davranırlar. Evlərə oğru girir, Küçədə quldur soyğunçuluq edir.
2 Ürəklərində düşünmürlər ki, Mən onların bütün pisliklərini yada salıram. İndi günahları onları dövrələyib və Gözümün önündədir.
3 Padşahı pislikləri ilə, Başçıları yalanları ilə sevindirirlər.
4 Hamısı zinakardır, Yoğrulan xəmir acıyana qədər Təndirçinin odunu qurdalamağa ehtiyac görmədiyi Soba kimi şəhvətlə yanırlar.
5 Padşahımızın ad günündə Başçılar şərabın atəşindən xəstələndi, Padşah da istehzaçılarla əl-ələ verdi.
6 Pusquda yatarkən Ürəkləri soba kimi qızar. Qəzəbləri bütün gecə için-için yanar, Səhər də alovlu atəş kimi parlayar.
7 Onların hamısı soba kimi qızışıb Öz hakimlərini həlak etdi. Bütün padşahları yıxıldı, Aralarında Məni çağıran yoxdur.
8 Efrayim başqa xalqlara qarışır; Efrayim bir üzü çiy qalan kökədir.
9 Onun gücünü özgələr yedi, O isə bilmir, Saçına dən düşüb, O isə bilmir.
10 İsrailin qüruru özünə qarşı şəhadət edir. Ancaq yenə də özlərinin Allahı Rəbbə tərəf dönmür, Onu axtarmırlar.
11 Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir. Gah Misirliləri çağırır, Gah Aşşura gedirlər.
12 Onlar gedən zaman Mən onların başına torumu atacağam. Göydəki quşlar kimi Onları vurub yerə salacağam. İcmalarında bildirildiyi kimi Onları cəzalandıracağam.
13 Vay onların halına! Çünki Məndən uzaqlaşdılar. Başlarına bəla gəlsin! Çünki Mənə qarşı üsyan etdilər. Mən onları qurtarmaq istəyirdim, Onlarsa Mənə böhtan deyir.
14 Ürəkdən Mənə fəryad etmirlər, Ancaq yataqlarının içində ulayırlar. Taxıl və təzə şərab üçün özlərini yaralayırlar, Amma Məndən üz döndərirlər.
15 Mən onlara nəsihət verdim, Qollarına güc verdim. Onlarsa Mənə qarşı qəsd qurur.
16 Onlar üz tutur, Ancaq ucalara tərəf yox. Hədəfi əyri vuran kamana bənzəyirlər. Dillərinin arsızlığı üzündən Başçıları qılınca tuş gələcək. Buna görə də Misirdə Kinayə hədəfi olacaqlar.