< Huşə 5 >
1 Ey kahinlər, bunu eşidin! Ey İsrail nəsli, diqqətlə dinləyin! Ey padşah sarayında olanlar, qulaq verin! Sizin barənizdə hökm çıxarıldı, Çünki siz Mispada bir tələ, Tavor dağına sərilmiş bir tor oldunuz.
2 Qanunsuzlar adam öldürməklə məşğuldur. Amma Mən onların hamısını cəzalandıracağam.
3 Efrayimi tanıyıram, İsrail Məndən gizli deyil, Çünki indi sən fahişəlik edirsən, ey Efrayim, İsrail də murdarlanıb.
4 Əməlləri qoymur ki, onlar Özlərinin Allahına tərəf dönsün, Çünki içlərində xəyanət ruhu var, Rəbbi də tanımırlar.
5 İsrailin qüruru özünə qarşı şəhadət edir. İsraillə Efrayim Günahlarından ötrü büdrəyib-yıxılır. Yəhuda da onlarla birgə yıxılır.
6 Qoyun-keçi, mal-qara qurban edərək Rəbbi axtarmağa gedəcəklər, Amma tapmayacaqlar, Çünki Rəbb onları tərk etdi.
7 Onlar Rəbbə xəyanət etdi, Çünki bic uşaqlar doğdu. İndi Təzə Ay mərasimi olanda Onlar tarlaları ilə birlikdə məhv olacaq.
8 Giveada şeypur çalın, Ramada kərənay çalın, Bet-Avendə car çəkin, Düşmən arxandadır, ey Binyamin!
9 Efrayim cəza günündə viran olacaq, Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.
10 Yəhuda başçıları Sərhəd daşı dəyişənlərə bənzəyir. Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm.
11 Efrayim zülm gördü, Hökm ilə əzildi, Çünki bilə-bilə Boş şeylərin dalınca getdi.
12 Mən Efrayimlilərə qarşı güvə, Yəhuda nəsli üçün kif olacağam.
13 Efrayim xəstəliyini, Yəhuda yarasını gördü. Efrayim Aşşura getdi, Böyük padşahdan kömək istədi, Amma o sizə şəfa verməz, Yaranızı sağaltmaz.
14 Bəli, Mən Efrayimlilərə qarşı bir şir, Yəhuda nəsli üçün cavan aslan olacağam. Mən, Mən onu parçalayıb gedəcəyəm, Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.
15 Sonra qayıdıb Öz məskənimə gedəcəyəm, O vaxtacan ki özlərini günahkar sayaraq Mənim hüzurumu axtaracaqlar. Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».