< Huşə 4 >
1 «Ey İsrail övladları, Rəbbin sözünü eşidin, Çünki bu ölkədə yaşayanları Rəbb ittiham edir. Sədaqət, məhəbbət, Allahı tanımaq Bu yerdə yox olub.
2 Lənət, yalan, qətl, oğurluq və zina Hər yerə yayılıb. Qoluzorluluq edərək Qan üstünə qan tökürlər.
3 Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur.
4 Ancaq heç kəs dava etməsin, Heç kəs başqasını təqsirləndirməsin, Çünki Mənim davam səninlədir, ey kahin.
5 Sən gündüz büdrəyəcəksən, Peyğəmbər də gecə səninlə birgə. Sənin ananı məhv edəcəyəm.
6 Xalqım biliksizlikdən məhv oldu. Sən biliyi rədd etdiyin üçün Mən də səni rədd edəcəyəm ki, Bir daha Mənə kahinlik etməyəsən. İndi ki öz Allahının qanununu unutdun, Mən də sənin balalarını unudacağam.
7 Kahinlər nə qədər çoxaldısa, Mənə qarşı o qədər çox günah etdi. Onların izzətini rüsvayçılığa çevirəcəyəm.
8 Xalqımın günahı ilə bəslənirlər, Onların qəbahətinə can atırlar.
9 Xalqın başına gələn Kahinin də başına gələcək. Tutduqları yol üçün onları cəzalandıracağam. Əməllərinin əvəzini onlara ödəyəcəyəm.
10 Yeyəcəklər, amma doymayacaqlar, Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar, Çünki onlar Rəbbi tərk edib Başqa allahlara könül verdi.
11 Zina, köhnə və təzə şərab Onların ürəklərini cəlb edib.
12 Xalqım ağacdan olan əşyaya sual verir, Əsalarından cavab alır, Çünki xəyanət ruhu onları azdırdı. Özlərinin Allahından ayrılıb xəyanət etdilər.
13 Dağların başında qurban kəsirlər, Təpələrdə palıd, ağcaqovaq və yabanı püstə ağacı altında Kölgələri gözəl olduğu üçün buxur yandırırlar. Buna görə də qızlarınız fahişəlik edir, Gəlinləriniz də zinakardır.
14 Fahişəlik edən qızlarınızı, Zina edən gəlinlərinizi cəzalandırmayacağam. Çünki kişiləriniz fahişələrlə oynaşır, Məbəd fahişələri ilə birgə qurban kəsir. Dərrakəsiz xalq məhv olacaq.
15 Ey İsrail, sən xəyanət etsən də, Heç olmasa Yəhuda təqsirkar olmasın. Qilqala getməyin, Bet-Avenə çıxmayın. “Var olan Rəbbin haqqı üçün” Deyib and içməyin.
16 Bəli, İsrail inadkar bir düyə kimi inad etdi. İndi Rəbb onları Otlaqda quzu otaran kimi necə otarsın?
17 Efrayim bütlərindən yapışdı, Burax onu!
18 Onlar içkiləri qurtarandan sonra Hələ pozğunluq da edir. Onların başçıları rüsvayçılığı çox sevir.
19 Külək onları qanadları ilə sarıyacaq, Qurbanlarından ötrü utanacaqlar.