< Ibranilərə 3 >
1 Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün.
2 İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı.
3 Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü.
4 Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır.
5 Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı.
6 Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik.
7 Buna görə Müqəddəs Ruhun dediyi kimi: «Bu gün əgər Onun səsini eşitsəniz,
8 Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi, Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın.
9 Orada atalarınız Məni sınadılar, Qırx il əməllərimi görərək Məni yoxladılar.
10 Buna görə o nəsildən zəhləm getdi. Dedim: “Onlar həmişə ürəklərində azır, Yollarımı tanımırlar”.
11 Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».
12 Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın.
13 Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın.
14 Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq.
15 Necə ki deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın».
16 Bəs eşidib üsyan edənlər kimdir? Musanın başçılığı ilə Misirdən çıxanların hamısı deyilmi?
17 Allah qırx il kimə qəzəblənirdi? Günaha batmış, meyitləri çöldə sərilənlərə deyilmi?
18 Bəs O kimlərə and içdi ki, Onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil?
19 Beləliklə, görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər.