< Habaqquq 1 >
1 Habaqquq peyğəmbərə görüntü ilə nazil olan xəbərdarlıq.
2 Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sənsə eşitmirsən. «Zorakılıq var!» deyə Sənə fəryad edirəm, Lakin bizi qurtarmırsan.
3 Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Hara nəzər salsam, Orada soyğunçuluq və zorakılıq var, Davaların, çəkişmələrin sonu yoxdur.
4 Buna görə qanun qüvvədən düşdü, Ədalətə üstünlük verilmir. Pis adamlar salehləri dövrəyə alır, Ona görə ədalət təhrif olunur.
5 Baxın o biri millətlərə, Gördüklərinizə təəccüblənərək mat qalın. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Bunu sizə danışsalar, inanmazsınız.
6 Budur, Mən amansız və qəddar milləti – Dünyanın dörd tərəfinə yüyürən, Özgə məskənləri zəbt edən Xaldeyliləri qaldırıram.
7 Onlar dəhşətli və qorxuncdur, Ədalət və şərəf yalnız onlar deyəndir.
8 Atları bəbirdən çevik, Özləri isə ac qurddan daha azğındır, Süvariləri yeri deşərək uzaqdan gəlir, Şikarını yeməyə cuman qartal kimi şığıyır.
9 Onların hamısı zorakılıq üçün gəlir, Hamısı bir nəfər kimi irəliyə üz tutur, Əsirləri qum kimi yığırlar.
10 Padşahlara rişxənd edirlər, Hökmdarlara gülürlər. Hər qalalı şəhərə lağ edirlər, Oraya torpaq qalağı töküb ələ keçirirlər.
11 Onlar yel kimi keçib-gedir. Qüvvələrini özlərinə allah edən bu adamlar Təqsirkar sayılacaq.
12 Əzəldən bəri var olan Sən deyilsənmi? Ya Rəbb, Allahım, Müqəddəs Olanım, Biz ölməyəcəyik. Ya Rəbb, məhkum etmək üçün onları təyin etdin. Ey Qayamız, bizi cəzalandırma hökmünü onlara verdin.
13 Sənin gözlərin çox təmizdir, Şəri görən gözün yoxdur, Pis əməllərə dözə bilmirsən. Bəs xəyanətkarlara necə baxa bilirsən? Pis özündən daha salehin başını yeyəndə Axı niyə susursan?
14 Sən insanları sanki dəniz balıqlarına, Başçıları olmayan sürünən canlılara çevirdin.
15 O onların hamısını qarmaqla çəkir, Torla çıxarır, ağlarına yığır, Buna sevinib-şadlanır.
16 Buna görə torları üçün qurban kəsir, Ağları üçün buxur yandırır, Axı o bu torlarla Bol və ləzzətli yemək əldə edir.
17 Torunu durmadan boşaltmağa, Millətləri amansızcasına qırmağa davam edəcəkmi?