< Habaqquq 3 >
1 Peyğəmbər Habaqququn duası, Şiqqayonlar kökü üstündə.
2 Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim, Ya Rəbb, gördüyün işlərə görə qorxdum. Bizim vaxtımızda da eyni işlər gör, Bizim dövrümüzdə bunları bildir! Qəzəblənəndə mərhəmətini xatırla!
3 Allah Temandan, Müqəddəs Olan Paran dağından gəldi. (Sela) Ehtişamı göyü bürüdü, Yer üzü Ona edilən həmd-sənalarla doldu.
4 Cah-calalı günəş tək parıldayır, Əlindən nur tökülür, Qüdrəti əlində gizli saxlanılıb.
5 Vəba Onun önündə gedir, Ölümcül xəstəlik arxasınca gəlir.
6 O durdu, yeri tərpətdi, Baxdı, millətləri sarsıtdı, Qədim dağlar dağıldı, Əzəldən qalan təpələr ona baş əydi. Allahın yolu əbədidir.
7 Gördüm ki, Kuşan çadırları əziyyət altındadır, Midyan çadırlarının pərdələri lərzəyə gəldi.
8 Ya Rəbb, məgər Sən Çaylara qarşı qəzəblənmisən? Acığın irmaqlara qarşıdırmı? Yoxsa dənizə qarşı hiddətlənmisən? Axı atlarına, müzəffər döyüş arabalarına minmisən?
9 Yayını açdın, Oxdanını oxlarla doldurdun. (Sela) Yer üzünü çaylarla yardın.
10 Səni görüb dağlar lərzəyə gəldi, Sellər hər yanı süpürüb axdı, Dərinliklər gurladı, dalğalar qalxdı.
11 Uçan oxlarının qığılcımından, İşıldayan nizənin parıltısından Günəş və ay yerlərində durdu.
12 Yer üzündə qəzəb içində gəzdin, Millətləri hiddətlə tapdaladın.
13 Sən Öz xalqının qurtulması üçün, Məsh etdiyinin xilası üçün çıxdın, Şər nəslin başçısını əzdin, Təpədən dırnağa qədər onu soydun. (Sela)
14 Cəngavərləri fırtına tək Bizi dağıtmağa gələndə Onların başını öz nizələri ilə deşdin. Onlar gizlənən zavallıları Məhv edənlər kimi sevinərdi.
15 Sən Öz atlarınla dənizi tapdaladın, Coşğun suları köpüklətdin.
16 Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.
17 Əncir ağacı tumurcuqlanmasa da, Meynələr bar gətirməsə də, Zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da, Tarlalar məhsul yetişdirməsə də, Qoyun-keçi ağıllarda, Mal-qara tövlələrdə yox olsa da,
18 Mən yenə Rəbdə sevinc tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam!
19 Xudavənd Rəbb mənim qüvvətimdir, Ayaqlarımı marallar kimi çevik edir, Zirvələrimdə məni gəzdirir. Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə.