< Yaradiliş 49 >
1 Yaqub oğullarını çağırıb dedi: «Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə söyləyim:
2 Ey Yaqub oğulları, yığılıb eşidin, Atanız İsrailə qulaq asın:
3 Ey Ruven, ilk oğlum, Sən mənim gücümsən, qüdrətimin başlanğıcısan. Ləyaqətin hamıdan üstündür, Qüvvətin hamıdan çoxdur.
4 Amma sən su kimi oynaqsan, Artıq üstün olmayacaqsan. Çünki atanın yatağına girib Onu murdar etdin – Bax o, döşəyimə çıxdı.
5 Şimeonla Levi qardaşdır, Qəddarlıq qılıncları ilə silahlanıblar.
6 Ey qəlbim, onların məclisinə getmə, Ey şərəfim, onların toplantısında olma. Çünki onlar qəzəblənəndə qətl etdilər, Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər.
7 Lənət olsun vəhşi qəzəblərinə, Lənət olsun qəddar hiddətlərinə. Onları Yaqubda böləcəyəm, İsraildə səpələyəcəyəm.
8 Yəhuda, qardaşların səni mədh edəcək, Düşmənlərin boynu əlində olacaq, Atanın oğulları önündə səcdə edəcək.
9 Yəhuda bir aslan balasıdır, Ey oğlum, sən şikara çıxanda Bir şir kimi yerə əyilirsən, Dişi aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bilər?
10 Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək.
11 Eşşəyini tənəyə, Ulağını ən seçmə bir tənəyə bağlayacaq. Paltarını şərabda, Köynəyini üzümün qanında yuyacaq.
12 Gözləri şərabdan da parlaq olacaq, Dişləri süddən də ağ olacaq.
13 Zevulun isə dəniz kənarında yaşayacaq, Ora gəmilərin limanı olacaq, Ərazisi Sidonun yanınadək uzanacaq.
14 Qoyun ağılları arasında uzanan İssakar Bir qüvvətli ulağa oxşar.
15 O, yaxşı və rahat olan yer, Bir səfalı ölkə görsə, Çiynini yük daşımaq üçün əyər, Mükəlləfiyyətçi qul olar.
16 Dan İsrail qəbilələrindən biri olub Öz xalqına hökm edəcək.
17 Dan yol üstündə bir ilan, Cığırda bir gürzə olacaq; Elə bir gürzə ki atın topuğundan sancır, Süvarisi arxası üstə yıxılır.
18 Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm.
19 Qad talançı basqınına düçar olacaq, Lakin onları topuğundan vuracaq.
20 Aşerdən zəngin nemətlər gələcək, O, şahanə ləzzətli yeməklər yetirəcək.
21 Naftali azad edilmiş bir maraldır, Ondan gözəl balalar doğulacaq.
22 Yusif barlı bir ağac, Çeşmə kənarında meyvəli bir ağacdır, Budaqları divarın üstündən aşar.
23 Oxçular ona güclü hücum etdilər, Düşmənçilik edib üstünə ox yağdırdılar.
24 Amma Yaqubun qüdrətli Allahı – İsrailin Daşı və Çobanı olan Allahın sayəsində Onun kamanı möhkəm, Qolları qüvvətli oldu.
25 Sənə kömək edən Atanın Allahıdır, Sənə xeyir-dua verən Külli-İxtiyardır. Yuxarıda göylərin bərəkəti ilə, Dərinlikdə olan Su mənbələrinin bərəkəti ilə, Döşlərin və bətnlərin bərəkəti ilə Sənə xeyir-dua verəcək.
26 Atanın xeyir-duası Atalarımın xeyir-duasından daha ucadır; Əbədi qalan təpələrin Zirvəsinə çatar. Qoy xeyir-dualarım Yusifin – qardaşlar arasında Başçı olanın üstündə olsun.
27 Binyamin acgöz bir qurddur, Səhər ovunu yeyər, Axşam qənimət paylar».
28 Bunların hamısı İsrailin on iki qəbiləsidir. Ataları onlara xeyir-dua verərkən bu sözləri söylədi və hər birinə xeyir-dua verdi.
29 Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın.
30 O mağara Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı.
31 İbrahimlə arvadı Sara və İshaqla arvadı Rivqa orada basdırılmışdı. Mən Leanı da orada basdırdım.
32 Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın alınıb».
33 Yaqub oğullarına vəsiyyət edib qurtaranda ayaqlarını yatağına yığaraq son dəfə nəfəs aldı və ölüb əcdadlarına qoşuldu.