< Yaradiliş 43 >
1 Kənan torpağında aclıq güclənmişdi.
2 Qardaşların Misirdən gətirdiyi buğda yeyilib tükənəndə ataları onlara dedi: «Yenə gedib bizə bir az ərzaq alın».
3 Yəhuda ona belə söylədi: «O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin.
4 Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq.
5 Ancaq onu göndərməsən, getməyəcəyik, çünki o adam bizə dedi ki, qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin».
6 İsrail dedi: «Niyə o adama daha bir qardaşınız olduğunu bildirib mənə pislik etdiniz?»
7 Onlar dedilər: «O adam özümüz və ailəmiz barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız sağdırmı? Başqa qardaşlarınız varmı?” Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi ki, o bizə “qardaşınızı gətirin” deyəcək?»
8 Sonra Yəhuda atası İsrailə dedi: «Uşağı mənimlə göndər ki, qalxıb gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq.
9 Mən ona zamin dururam, onu məndən tələb edərsən. Əgər onu sənin yanına gətirib qarşında dayandırmasam, ömrüm boyu önündə təqsirkar olacağam.
10 Çünki biz gecikməsəydik, indi iki dəfə gedib-qayıdardıq».
11 Ataları İsrail onlara dedi: «Əgər belədirsə, bunu edin: torbalarınızda bu torpağın ən yaxşı məhsullarından o adama hədiyyə olaraq bir qədər balzam, bal, ədviyyat, ətriyyat, püstə və badam götürün.
12 Özünüzlə iki qat artıq pul götürün. Çuvallarınızın içində geri qaytarılmış pulu öz əllərinizlə aparıb verin, bəlkə bir səhv olub.
13 Qardaşlarınızı götürüb gedin və o adamın yanına qayıdın.
14 Külli-İxtiyar Allah o adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və Binyamini sizə təhvil versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum».
15 Qardaşlar özləri ilə hədiyyə və iki qat artıq pul götürdülər. Binyamini də götürüb qalxdılar və Misirə gəlib Yusifin önündə durdular.
16 Yusif Binyamini onlarla bərabər görəndə öz ev nəzarətçisinə dedi: «Bu adamları evə apar və heyvan kəsib hazırla, çünki onlar mənimlə nahar edəcəklər».
17 O adam Yusifin dediyinə əməl etdi: bu adamları Yusifin evinə apardı.
18 Bu adamlar Yusifin evinə aparıldıqları üçün qorxub dedilər: «Keçən dəfə çuvallarımızda geri qaytarılmış pul üstündə bizi aparırlar. O istəyir ki, bizə qarşı bəhanə tapıb üstümüzə düşsün, bizi özünə qul etsin və eşşəklərimizi alsın».
19 Onlar Yusifin ev nəzarətçisinə yaxınlaşdılar və evin astanasında ona belə söylədilər:
20 «Ey ağamız, keçən dəfə biz ərzaq almaq üçün gəlmişdik.
21 Ancaq gecələdiyimiz yerə çatdığımız zaman çuvallarımızı açıb gördük ki, hər birimizin pulu çəkisi əskik olmayaraq çuvalımızın içindədir. İndi onu öz əllərimizlə geri qaytarırıq.
22 Ərzaq almaq üçün özümüzlə başqa pul da gətirmişik. O pulu isə çuvallarımıza kimin qoyduğunu bilmirik».
23 Ev nəzarətçisi dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların yanına gətirdi.
24 O adam qardaşları Yusifin evinə gətirdi. Ayaqlarını yumaq üçün onlara su verdi və eşşəklərinə yem verdi.
25 Qardaşlar Yusif nahara gələnə qədər hədiyyəni hazırladılar, çünki orada yemək yeyəcəklərini eşitdilər.
26 Yusif evə gələndə onlar hədiyyəni otağa gətirib təqdim etdilər, onun önündə yerə qədər əyilib səcdə etdilər.
27 Yusif onların kefini soruşub dedi: «O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı?»
28 Onlar dedilər: «Sənin qulun atamız salamatdır, hələ də yaşayır». Onlar Yusifə əyilib təzim etdilər.
29 Yusif başını qaldıranda öz anasının oğlu olan qardaşı Binyamini görüb dedi: «Mənə söylədiyiniz kiçik qardaşınız budurmu?» Sonra Binyaminə dedi: «Ey oğlum, Allah sənə lütf etsin».
30 Yusif tələsik oradan çıxdı, çünki qardaşını görəndə ürəyi sızıldadı, onu ağlamaq tutdu və otağa girib orada ağladı.
31 Sonra üzünü yuyub çıxdı, özünə gəlib dedi: «Yemək gətirin».
32 Yeməyi ona ayrıca, qardaşlarına ayrıca, onunla birgə yeyən Misirlilərə isə ayrıca qoydular, çünki Misirlilər İbranilərlə birgə yemək yeməzdilər; bu, Misirlilər üçün iyrənc bir şey idi.
33 Qardaşlar böyük-kiçikliyinə görə Yusifin hüzurunda oturdular. Onlar bir-birlərinə baxıb çaşdılar.
34 Yusifin önündəki yeməklərdən onlara pay ayrıldı. Ancaq Binyaminin payı onların hər birinin payından beş qat artıq idi. Onlar yeyib-içdilər və onunla bərabər xoş vaxt keçirdilər.