< Yaradiliş 39 >
1 Yusif Misirə aparıldı. Fironun bir əyanı – mühafizəçilər rəisi Misirli Potifar onu oraya gətirmiş İsmaillilərdən satın aldı.
2 Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı. Yusif Misirli ağasının evində qalırdı.
3 Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir.
4 Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası Yusifi evinə nəzarətçi təyin etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi.
5 Evinin və özünə məxsus olan hər şeyin ixtiyarını ona verən vaxtdan bəri Rəbb Yusifə görə Misirlinin evinə bərəkət verdi, evində, tarlasında və özünə məxsus olan hər şeydə Rəbbin bərəkəti göründü.
6 Ağası özünə məxsus olan hər şeyi Yusifin ixtiyarına vermişdi, yediyi yeməkdən başqa, evində olan heç nədən xəbəri yox idi. Yusif gözəl və yaraşıqlı idi.
7 Bir müddət sonra ağasının arvadının Yusifə gözü düşüb dedi: «Gəl mənimlə yat».
8 Ancaq Yusif bundan imtina edib ağasının arvadına dedi: «Mən burada olarkən ağam evində nə olduğunu bilmir və özünə məxsus olan hər şeyi mənim ixtiyarıma verib.
9 Bu evdə isə hətta o məndən böyük deyil və səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?»
10 Qadın hər gün bunu Yusifə deyirdi, Yusif isə onunla yatmağa, hətta birgə olmağa razı olmurdu.
11 Bir gün Yusif öz işini görmək üçün evə girdi. İçəridə ev adamlarından heç kəs yox idi.
12 Qadın «Mənimlə yat!» deyib onun paltarından tutdu. Yusif paltarını onun əlində qoyub qaçdı və bayıra çıxdı.
13 Qadın onun paltarını əlində qoyub qaçdığını görəndə
14 ev adamlarını çağırıb dedi: «Baxın, ağanız bu İbranini bizi təhqir etmək üçün yanımıza gətirib. O mənimlə yatmaq üçün yanıma gəldi, mən isə ucadan qışqırdım.
15 O, səsimi ucaldıb qışqırdığımı görəndə paltarını yanımda qoyub qaçdı və bayıra çıxdı».
16 Yusifin ağası evə gələnə qədər qadın onun paltarını özündə saxladı.
17 Sonra ərinə də bu sözləri söyləyib dedi: «Bizə gətirdiyin bu İbrani qul məni təhqir etmək üçün yanıma gəldi.
18 Səsimi ucaldıb qışqırdığım zaman paltarını yanımda qoyub bayıra qaçdı».
19 Yusifin ağası arvadının «sənin qulun mənimlə belə rəftar etdi» sözlərini eşidəndə bərk qəzəbləndi.
20 Ağası Yusifi götürüb padşahın məhbuslarının saxlanıldığı zindana təhvil verdi. Yusif zindanda qaldı.
21 Ancaq Rəbb Yusiflə idi və ona xeyirxahlıq göstərdi. O, zindanın baş nəzarətçisinin gözündə lütf tapdı.
22 Zindanın baş nəzarətçisi zindanda olan bütün məhbusları Yusifin ixtiyarına verdi. Orada görülən hər işə o başçılıq edirdi.
23 Zindanın baş nəzarətçisi Yusifin ixtiyarında olan heç nəyə nəzarət etmirdi, çünki Rəbb Yusiflə idi və etdiyi hər işdə ona uğur verirdi.