< Yaradiliş 29 >
1 Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi.
2 O gördü ki, çöllükdə bir quyu var və onun yanında üç qoyun sürüsü yatıb, çünki quyudan o sürülərə su verirdilər. Quyunun ağzında böyük bir daş var idi.
3 Bütün sürülər oraya yığılırdı. Adamlar daşı quyunun ağzından yuvarlayıb qoyunlara su verir və yenə daşı yerinə – quyunun üstünə qoyurdular.
4 Yaqub onlardan soruşdu: «Ey qardaşlar, haradansınız?» Onlar dedilər: «Biz Xarandanıq».
5 Yaqub onlara dedi: «Naxorun nəvəsi Lavanı tanıyırsınızmı?» Onlar dedilər: «Tanıyırıq».
6 Yaqub onlardan soruşdu: «O, sağ-salamatdırmı?» Onlar dedilər: «Bəli, sağ-salamatdır. Odur, qızı Rəhilə də qoyunlarla gəlir».
7 Yaqub dedi: «Hələ axşama çox vaxt var, sürülərin yığılma vaxtı deyil. Qoyunlara su verin, sonra aparıb otarın».
8 Onlar dedilər: «Bütün sürülər yığılmayınca və daş quyunun ağzından yuvarlanmayınca bunu edə bilmərik, yalnız onda qoyunlara su verə bilərik».
9 Yaqub onlarla danışarkən Rəhilə atasının qoyunları ilə gəldi, çünki o, çoban idi.
10 Yaqub dayısı Lavanın qızı Rəhiləni və dayısı Lavanın qoyunlarını görəndə yaxınlaşıb daşı quyunun ağzından yuvarladı və dayısı Lavanın qoyunlarına su verdi.
11 Yaqub Rəhiləni öpdü və hönkürtü ilə ağladı.
12 Yaqub atasının qohumlarından və Rivqanın oğlu olduğunu Rəhiləyə bildirdi. Rəhilə də qaçıb atasına danışdı.
13 Lavan bacısı oğlu Yaqubun gəldiyini eşidəndə onu qarşılamağa qaçdı. Onu qucaqlayıb öpdü və evinə gətirdi. Yaqub hər şeyi Lavana danışdı.
14 Lavan ona dedi: «Sən, doğrudan da, mənim sümüyümdən, mənim ətimdənsən». Yaqub onun yanında bir ay qaldı.
15 Lavan Yaquba dedi: «Məgər qohum olduğun üçün mənə havayı xidmət edəcəksən? Mənə söylə, haqqın nə olsun?»
16 Lavanın iki qızı var idi: böyüyünün adı Lea, kiçiyininki Rəhilə idi.
17 Leanın gözləri zəif görürdü, Rəhilə isə çox gözəl və qamətli idi.
18 Yaqub Rəhiləyə vuruldu və dedi: «Kiçik qızın Rəhilə üçün sənə yeddi il xidmət edərəm».
19 Lavan dedi: «Onu sənə vermək başqa adama verməkdən daha yaxşıdır. Yanımda qal».
20 Yaqub Rəhiləyə görə yeddi il xidmət etdi. Onu sevdiyi üçün bu müddət gözünə bir neçə gün kimi göründü.
21 Yaqub Lavana dedi: «Vaxtım çatdı; indi arvadımı mənə ver ki, onun yanına girim».
22 Lavan o torpağın bütün adamlarını topladı və bir ziyafət verdi.
23 Gecə qızı Leanı götürüb Yaqubun yanına apardı. Yaqub onun yanına girdi.
24 Lavan öz qarabaşı Zilpanı Leaya qulluqçu olmaq üçün verdi.
25 Səhər məlum oldu ki, bu, Leadır. Yaqub Lavana dedi: «Nə üçün mənimlə belə rəftar etdin? Sənin yanında Rəhilə üçün xidmət etmədimmi? Bəs məni niyə aldatdın?»
26 Lavan dedi: «Bizim yerdə kiçik qızı böyüyündən əvvəl ərə vermək olmaz.
27 Bu həftəni bitir, onu da sənə verərik. Onun üçün də yanımda daha yeddi il xidmət etməlisən».
28 Yaqub belə də etdi: o həftəni bitirdi. Lavan da qızı Rəhiləni ona arvad olmaq üçün verdi.
29 Öz qarabaşı Bilhanı da qızı Rəhiləyə qulluqçu olmaq üçün verdi.
30 Yaqub Rəhilənin də yanına girdi. Rəhiləni Leadan da çox sevdi. O, Lavanın yanında daha yeddi il xidmət etdi.
31 Rəbb Leanın sevilmədiyini görüb onun bətnini açdı. Rəhilə isə sonsuz idi.
32 Lea hamilə olub bir oğul doğdu və onun adını Ruven qoyaraq dedi: «Yəqin Rəbb mənim fağırlığımı gördü. İndi ərim məni sevəcək».
33 O yenə hamilə olub bir oğul doğdu və dedi: «Rəbb sevilmədiyimi eşidib mənə bunu da verdi». Onun da adını Şimeon qoydu.
34 Lea yenə hamilə olub bir oğul doğdu və dedi: «İndi bu dəfə ərim mənə bağlanacaq, çünki ona üç oğul doğdum». Buna görə də adını Levi qoydu.
35 O yenə hamilə olub bir oğul doğdu və dedi: «Bu dəfə Rəbbi mədh edəcəyəm». Buna görə də onun adını Yəhuda qoydu. Sonra o, bir müddət doğmadı.