< Yaradiliş 21 >
1 Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi:
2 Sara hamilə oldu və İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu.
3 İbrahim Saradan doğulan oğluna İshaq adını qoydu.
4 Allahın İbrahimə əmr etdiyi kimi o, oğlu İshaqı doğulandan səkkiz gün sonra sünnət etdi.
5 İshaq doğulanda İbrahimin yüz yaşı var idi.
6 Sara dedi: «Allah mənim üzümü güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə güləcək».
7 O yenə dedi: «Kim İbrahimə deyərdi ki, Sara uşaq əmizdirəcək? Amma qocalıq çağında mən ona bir oğul doğmuşam».
8 Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət verdi.
9 Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür.
10 Sara İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq».
11 Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun oğlu idi.
12 Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq.
13 Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir».
14 İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı.
15 Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu.
16 Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı.
17 Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi.
18 Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət törədəcəyəm».
19 Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi.
20 Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və mahir oxatan oldu.
21 O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı.
22 O zaman Avimelek və onun ordu başçısı Pikol İbrahimə dedilər: «Sən nə etsən, Allah səninlədir.
23 İndi burada Allahın haqqına mənə and iç ki, nə mənə, nə oğluma, nə də nəvəmə xəyanət edəcəksən: mən sənə sadiq olduğum kimi sən də mənə və qaldığın torpağın adamlarına sadiq ol».
24 İbrahim «mən and içirəm» dedi.
25 Avimelekin adamlarının qəsb etdiyi su quyusundan ötrü İbrahim Avimeleki məzəmmət etdi.
26 Avimelek dedi: «Bilmirəm, bu işi kim etdi. Sən də mənə bildirmədin, mən ancaq indi eşidirəm».
27 İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd bağladı.
28 İbrahim sürüsündən yeddi dişi quzunu ayırıb qoydu.
29 Avimelek İbrahimə dedi: «Ayırıb qoyduğun bu yeddi dişi quzu nə üçündür?»
30 O dedi: «Bu yeddi dişi quzunu məndən götür ki, bu quyunu qazdığıma şəhadət olsun».
31 Buna görə də o buranı Beer-Şeva adlandırdı, çünki onların ikisi də orada and içdi.
32 Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar.
33 İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin adını çağırdı.
34 İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı.