< Yaradiliş 19 >
1 Axşam iki mələk Sodoma gəldi. Lut şəhərin darvazası yanında oturmuşdu. O, mələkləri gördü, qalxıb onları qarşıladı və yerə qədər əyilib dedi:
2 «Ağalarım, qulunuzun evinə girib gecələyin və ayaqlarınızı yuyun. Səhər qalxıb yolunuza davam edərsiniz». Onlar dedilər: «Yox, biz gecəni şəhər meydanında keçirəcəyik».
3 Lut onları çox dilə tutdu, axırda onlar Lutla birgə onun evinə getdilər. Lut onları qonaq edib mayasız çörəklər bişirdi və onlar yedilər.
4 Ancaq onlar yatmazdan əvvəl cavandan tutmuş qocaya qədər Sodom şəhərinin hər məhəlləsindən olan kişilər evi əhatəyə aldılar.
5 Adamlar Lutu çağırıb ona dedilər: «Bu gecə sənin yanına gələn adamlar haradadır? Onları bizim yanımıza gətir ki, onlarla yaxınlıq edək».
6 Lut bayıra – onların yanına çıxıb arxasınca qapını örtdü.
7 O dedi: «Qardaşlarım, pislik etməyin.
8 Mənim ərə getməmiş iki qızım var. Qızlarımı sizin yanınıza gətirim, onlara nə istəyirsiniz, edin. Ancaq bu adamlara toxunmayın, çünki onlar mənim evimin qonaqlarıdır».
9 Kişilər qışqırıb dedilər: «Geri çəkil! Bu adam burada qəribdir, ancaq ağalıq edir. İndi səninlə onlardan da pis rəftar edəcəyik». Onlar Luta hücum edib qapını qırmaq üçün yaxınlaşdılar.
10 Onda içəridəki mələklər əllərini uzadıb Lutu evin içinə – öz yanlarına saldılar və qapını bağladılar.
11 Evin qapısı arxasında duran adamları kiçikdən tutmuş böyüyə qədər kor etdilər. Bu səbəbdən adamlar qapını tapa bilmədilər.
12 Mələklər Luta dedilər: «Burada daha kimin var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların – nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart,
13 çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın əleyhinə qalxan fəryad Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu məhv edək».
14 Lut gedib qızlarını almaq istəyən kürəkənlərinə dedi: «Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri məhv edəcək». Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir.
15 Səhər açılanda mələklər Lutu tələsdirərək dedilər: «Qalx yanındakı arvadını və iki qızını götür get, yoxsa şəhərdəkilərin günahlarına görə məhv olacaqsan».
16 Lut yavaş tərpəndi. Rəbb ona mərhəmət etdiyinə görə həmin şəxslər onun, arvadının və iki qızının əlindən tutub şəhərdən kənara çıxartdılar.
17 Onları çıxaran zaman mələklərdən biri dedi: «Öz canını qurtar, arxana baxma. Bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan».
18 Lut onlara dedi: «Aman, ağam!
19 İndi bu qulun sənin gözündə lütf tapdı və canımı xilas etməklə mənə göstərdiyin xeyirxahlığını çoxaltdın. Ancaq dağa çata bilmərəm, çünki bəla mənə də yetişə bilər və həlak olaram.
20 Yaxınlıqda qaça biləcəyim kiçik bir şəhər var. Qoy oraya qaçıb canımı qurtarım. Axı o şəhər kiçikdir».
21 Mələklərdən biri Luta dedi: «Sənin xatirinə bunu da edərəm: dediyin şəhəri dağıtmaram.
22 Tez ol, oraya qaç! Sən oraya çatmamış Mən bir şey etməyəcəyəm». Buna görə də o şəhər Soar adlandı.
23 Günəş doğanda Lut Soara gəldi.
24 Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı,
25 bu şəhərləri, bütün düzənliyi, oranın bütün sakinlərini və torpaqda bitən hər şeyi məhv etdi.
26 Ancaq Lutun arvadı dönüb geriyə baxdı və duz sütununa çevrildi.
27 İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi.
28 Oradan Sodom və Homorraya, bütün düzənliyə baxdı. O, yerdən kürə tüstüsü kimi bir tüstü qalxdığını gördü.
29 Allah düzənlikdəki şəhərləri məhv etdiyi zaman İbrahimi xatırladı, buna görə də Lutun yaşadığı şəhərləri dağıdarkən onu fəlakət içindən çıxartdı.
30 Lut iki qızı ilə birgə Soardan çıxıb dağda yaşadı, çünki Soarda yaşamaqdan qorxurdu. O, iki qızı ilə bir mağarada qaldı.
31 Onun böyük qızı kiçiyinə dedi: «Atamız qocalıb və bu dünyada insan adətinə görə yanımıza girməyə bir kişi yoxdur.
32 Gəl atamıza şərab içirək və onunla yataq ki, öz atamızdan nəslimiz olsun».
33 Onlar o gecə atalarına şərab içirdilər. Böyük qız içəri girib atası ilə yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi.
34 O biri gün böyük qız kiçiyinə dedi: «Mən dünən gecə atamla yatdım. Gəl bu gecə də ona şərab içirək və sən də onunla yat ki, öz atamızdan nəslimiz olsun».
35 O gecə yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi.
36 Lutun iki qızı beləcə atalarından hamilə oldu.
37 Böyük qız bir oğul doğdu və onun adını Moav qoydu. O, indiki Moavlıların əcdadıdır.
38 Kiçik qız da bir oğul doğdu və onun adını Ben-Ammi qoydu. O, indiki Ammonluların əcdadıdır.