< Yaradiliş 14 >
1 Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və Qoyim padşahı Tidal
2 Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı.
3 Bu son beş padşah indi Duz dənizi adlanan Siddim vadisində öz qoşunlarını birləşdirdi.
4 Onlar on iki il Kedorlaomerin əsarəti altında qalmış, on üçüncü il isə üsyan etmişdilər.
5 On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri,
6 çöl kənarındakı El-Parana qədər uzanan Seir dağlarında Xorluları qırdılar.
7 Sonra geri qayıdıb En-Mişpata, yəni Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini və Xaseson-Tamarda yaşayan Emorluları qırdılar.
8 Sodom padşahı, Homorra padşahı, Adma padşahı, Sevoyim padşahı, Bela, yəni Soar padşahı Siddim vadisinə gəlib,
9 Elam padşahı Kedorlaomerlə, Qoyim padşahı Tidalla, Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə girdilər: dörd padşah beş padşaha qarşı idi.
10 Siddim vadisində qatranla dolu çoxlu çuxur var idi. Sodom və Homorra padşahları döyüşdən qaçanda oraya yıxıldılar, sağ qalanlar isə dağlara qaçdılar.
11 Qaliblər Sodom və Homorranın bütün əmlakını və azuqəsini götürüb getdilər.
12 İbramın qardaşı oğlu Lutu və onun əmlakını özləri ilə apardılar, çünki o da Sodomda yaşayırdı.
13 Döyüşdən sağ qurtaran bir nəfər gəlib İbrani İbrama bunu xəbər verdi. O, Eşkolun və Anerin qardaşı Emorlu Mamrenin palıdının yanında yaşayırdı. Onlar İbramın müttəfiqləri idi.
14 İbram qohumu Lutun əsir alındığını eşidəndə evində doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz nökərini götürüb düşmənləri Dana qədər təqib etdi.
15 Özü və nökərləri gecə vaxtı dəstələrə bölünüb, onları qırdılar və sağ qalanları Dəməşqin şimal tərəfində olan Xovaya qədər təqib etdilər.
16 İbram qarət olunmuş bütün əmlakı, qardaşı oğlu Lutu və onun əmlakını, həmçinin qadınları və xalqı geri qaytardı.
17 İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı.
18 Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi.
19 Melkisedeq İbrama xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin.
20 Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətin onda birini Melkisedeqə verdi.
21 Sodom padşahı İbrama dedi: «Adamlarımı mənə ver, əmlak isə sənə qalsın».
22 Ancaq İbram Sodom padşahına dedi: «Göy və yeri yaradan Allah-Taala Rəbbin dərgahına and üçün əlimi qaldırıram ki,
23 sənin nə bir ipini, nə də bir çarıq bağını götürürəm, ta deməyəsən ki, mən İbramı varlandırdım.
24 Nökərlərin yediklərindən başqa, hər şey sənin olsun. Üstəlik mənimlə gedən adamlar – Aner, Eşkol və Mamre öz paylarını götürsün».