< Yaradiliş 11 >
1 Bütün dünyada bir dil və bir danışıq var idi.
2 İnsanlar şərqdən köçüb gəldikləri zaman Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən saldılar.
3 Sonra bir-birlərinə dedilər: «Gəlin kərpic düzəldək və onu yaxşı bişirək». Onlar daş əvəzinə kərpic və palçıq əvəzinə qatran götürdülər.
4 Yenə dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq».
5 Rəbb bəşər övladlarının tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi.
6 Rəbb dedi: «Budur, onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək istədikləri işə heç kəs mane olmayacaq.
7 Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, bir-birlərinin dilini başa düşməsinlər».
8 Rəbb onları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdı.
9 Buna görə də o yerin adına Babil dedilər, çünki orada Rəbb bütün dünyadakı adamların dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.
10 Samın nəsil tarixçəsi belədir: daşqından iki il sonra Sam yüz yaşında olanda oğlu Arpakşad doğuldu.
11 Arpakşad doğulandan sonra Sam beş yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
12 Arpakşad otuz beş yaşında olanda oğlu Şelah doğuldu.
13 Şelah doğulandan sonra Arpakşad dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
14 Şelah otuz yaşında olanda oğlu Ever doğuldu.
15 Ever doğulandan sonra Şelah dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
16 Ever otuz dörd yaşında olanda oğlu Peleq doğuldu.
17 Peleq doğulandan sonra Ever dörd yüz otuz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
18 Peleq otuz yaşında olanda oğlu Reu doğuldu.
19 Reu doğulandan sonra Peleq iki yüz doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
20 Reu otuz iki yaşında olanda oğlu Seruq doğuldu.
21 Seruq doğulandan sonra Reu iki yüz yeddi il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
22 Seruq otuz yaşında olanda oğlu Naxor doğuldu.
23 Naxor doğulandan sonra Seruq iki yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
24 Naxor iyirmi doqquz yaşında olanda oğlu Terah doğuldu.
25 Terah doğulandan sonra Naxor yüz on doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
26 Terah yetmiş yaşında olanda oğulları İbram, Naxor və Haran doğuldu.
27 Terahın nəsil tarixçəsi belədir: Terahdan İbram, Naxor və Haran törədi. Harandan Lut törədi.
28 Haran atası Terahın sağlığında doğulduğu ölkədə – Xaldeylilərin Ur şəhərində öldü.
29 İbram və Naxor özlərinə arvad aldılar. İbramın arvadının adı Saray, Naxorun arvadının adı isə Milka idi. Milka və İska Haranın qızları idi.
30 Saray sonsuz idi, onun uşağı olmurdu.
31 Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, orada məskən saldılar.
32 Terah iki yüz beş il ömür sürüb Xaranda öldü.