< Qalatiyalilara 6 >
1 Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver.
2 Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.
3 Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır.
4 Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək.
5 Çünki hər kəs öz üzərinə düşən yükü daşımalıdır.
6 Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün.
7 Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək.
8 Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. (aiōnios )
9 Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
10 Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.
11 Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım!
12 Zahirən və cismən yaxşı təsir buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib olunmamaq üçün sizi sünnət olunmağa məcbur edirlər.
13 Axı sünnət olunanların özləri də Qanuna riayət etmirlər. Lakin sizin sünnət olunmanızı istəyirlər ki, sizin cisminizlə öyünsünlər.
14 Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim.
15 Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır.
16 Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin.
17 Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini bədənimdə daşıyıram.
18 Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun! Amin.