< Yezekel 9 >
1 Sonra Onun «qoy şəhəri cəzalandıranların hər biri öz qırğın silahı əlində şəhərə yaxınlaşsın» deyə ucadan qışqırdığını eşitdim.
2 Mən gördüm ki, şimal tərəfdəki yuxarı qapının yolu ilə altı nəfər gəldi. Hər birinin toppuzu əlində idi. Onların arasında kətan paltar geyinmiş, belində yazı qutusu olan bir adam var idi. Onlar içəri girdi və tunc qurbangahın yanında dayandı.
3 İsrail Allahının izzəti dayandığı keruvun üstündən qalxıb məbədin kandarına getdi. Rəbb kətan paltar geyinmiş, belində yazı qutusu olan adamı çağırıb
4 ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy».
5 Sonra o biri adamlara bunu dediyini eşitdim: «Onun ardınca şəhəri gəzin və adamları qırın, yazığınız gəlməsin və rəhm etməyin.
6 Qocanı, cavanı, ərə getməmiş qızı, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə işarə olan adamlara toxunmayın. Mənim Müqəddəs məkanımdan başlayın». Onlar da məbədin önündə olan ağsaqqalları qırmağa başladı.
7 Rəbb onlara dedi: «Məbədi murdarlayın, həyətləri cəsədlərlə doldurun. Haydı, işə başlayın!» Sonra onlar gedib şəhərdəkiləri qırdı.
8 Onlar adamları qırarkən mən tək qalmışdım. Onda mən üzüstə düşərək fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Yerusəlim üzərinə qəzəbini tökərkən İsrailin bütün yerdə qalanlarını da həlak edəcəksənmi?»
9 O mənə dedi: «İsrail və Yəhuda nəslinin təqsiri böyükdür, çox böyükdür. Ölkə qanla, şəhər azğınlıqla doludur. Çünki onlar “Rəbb ölkəni tərk etdi, Rəbb görmür” deyir.
10 Mənim də onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, əməllərinin əvəzini başlarına gətirəcəyəm».
11 Mən gördüm ki, belində yazı qutusu olan, kətan paltar geyinmiş adam «mənə əmr etdiyin şeyə əməl etdim» deyib xəbər gətirdi.