< Yezekel 7 >
1 Mənə Rəbbin bu sözü nazil oldu:
2 «Sən ey bəşər oğlu, Xudavənd Rəbb İsrail torpağına belə deyir: “Axırı çatdı, ölkənin dörd tərəfinin axırı çatdı.
3 İndi sənin axırın çatdı. Qəzəbimi sənin üstünə göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm.
4 Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.
5 Xudavənd Rəbb belə deyir: “Budur, bir bəla, tayı olmayan bir müsibət gəlir.
6 Axırın çatıb, axırın çatıb, sənə qarşı qalxır. Budur, tezliklə gəlir!
7 Ey ölkənin sakini, qiyamət günün çatdı, vaxt gəldi, gün yaxındadır. Dağların üstündən sevinc nidası deyil, çaxnaşma səsi gəlir.
8 Tezliklə qızğınlığımı üstünə tökəcəyəm, sənə qarşı qəzəbimi bütünlüklə göstərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracaq, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm.
9 Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, zərbə vuran Mən Rəbbəm.
10 Budur o gün! Gün gəldi, sənin qiyamət günün çatdı: əsa çiçəkləndi, qürur gül açdı.
11 Zorakılıq çoxalıb pisliyin əsası oldu. Buna görə də xalqdan, onların izdihamından, var-dövlətindən və əzəmətindən əsər-əlamət qalmayacaq.
12 Vaxt gəldi, gün yaxınlaşdı. Alıcı sevinməsin, satıcı heyfsilənməsin, çünki bütün kütlənin üstünə qəzəb yağacaq.
13 Hətta onlar yaşasalar da, satıcı satdığı torpağa qayıtmayacaq, çünki onların bütün camaatına aid olan bu vəhy hədəfindən dönməyəcək. Heç kəs təqsiri ilə həyatını davam etdirə bilməyəcək.
14 Şeypur çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən yoxdur. Çünki qəzəbim bütün camaatın üstünə yağacaq.
15 Bayırda qılınca, içəridə vəba və aclığa tuş gələcəklər, çöldə olan qılıncdan öləcək, şəhərdə olanı aclıq və vəba yeyəcək.
16 Sağ qalanları qaçıb-qurtulsa da, dərələrdəki göyərçinlər kimi dağlarda yaşayacaq, hər kəs təqsirindən ötrü ah-zar edəcək.
17 Hamının əli yanına düşəcək, hər kəsin dizləri titrəyəcək.
18 Çula bürünəcəklər, onları dəhşət saracaq. Hamının üzündə xəcalət olacaq, hamının başı daz olacaq.
19 Gümüşlərini küçələrə atacaqlar, qızılları napak sayılacaq. Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək, bədənlərini qidalandırmayacaq, qarınlarını doydurmayacaq, çünki bu şeylər onların təqsirlərinə bais oldu.
20 Bər-bəzəklərinin gözəlliyi onları qürurlandırdı. Öz iyrənc və mənfur bütlərini bu şeylərdən düzəltdilər. Ona görə də bunları özləri üçün murdar bir şeyə çevirdim.
21 Bunları qənimət kimi özgələrə, qarət malı kimi dünyadakı pis adamların əlinə verəcəyəm və onları murdarlayacaqlar.
22 Mən xalqdan üz döndərəcəyəm, müqəddəs məskənim murdarlanacaq, quldurlar içəri girib oranı murdarlayacaq.
23 Sən zəncir düzəlt, çünki ölkə qanlı cinayətlərlə, şəhər zorakılıqla dolub.
24 Millətlərin ən qəddarını onların üstünə gətirəcəyəm və evlərini əllərindən alacaqlar. Güclülərin qüruruna son qoyacağam, müqəddəs yerləri murdarlanacaq.
25 Dəhşət gəlir. Əmin-amanlıq axtaracaqlar, amma tapmayacaqlar.
26 Bəla üstündən bəla gələcək, qara xəbər dalınca qara xəbər çatacaq. Peyğəmbərlərdən görüntü istəyəcəklər, kahinin qanun öyrətməyi bitəcək, ağsaqqallar nəsihət verməyəcək.
27 Padşah yas tutacaq, əmirləri məyusluq bürüyəcək, ölkə xalqının əli yanına düşəcək. Onları əməllərinə görə cəzalandıracağam, hökmlərinə görə hökm edəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».