< Yezekel 43 >
1 O adam məni şərqə baxan darvazanın yanına gətirdi.
2 Mən gördüm ki, şərq yolundan İsrail Allahının izzəti gəlir. Onun səsi gur axan suların səsi kimi idi, izzətindən yer parıldayırdı.
3 Gördüyüm görüntü Allah şəhəri məhv etməyə gəldiyi vaxt və Kevar çayı sahilində gördüyüm görüntülərə bənzəyirdi. Mən bu zaman üzüstə yerə yıxıldım.
4 Rəbbin izzəti şərqə baxan darvazanın yolundan məbədə girdi.
5 Ruh məni qaldırıb içəri həyətə gətirdi. Mən gördüm ki, Rəbbin izzəti məbədi doldurub.
6 Adam yanımda durarkən məbəddən mənimlə danışan bir nəfərin səsini eşitdim.
7 O mənə belə dedi: «Ey bəşər oğlu, taxtımın yeri, ayaqlarımın dabanları dəyən, İsrail övladları arasında əbədi yaşayacağım yer buradır. Bundan sonra İsrail xalqı ilə padşahları pozğunluqları və ölən padşahların cəsədləri ilə bir daha müqəddəs adımı murdarlamayacaq.
8 Onlar astanalarını astanama, qapılarının yan taxtalarını qapımın yan taxtalarına bitişdirdi. Mənimlə onların arasında yalnız bir divar var idi. Etdikləri murdar işləri ilə müqəddəs adımı murdarladılar. Mən də qəzəbimlə onları qırıb-çatdım.
9 İndi pozğunluqlarını və padşahlarının cəsədlərini Məndən uzaqlaşdırsınlar, Mən də əbədi olaraq onların arasında yaşayaram.
10 Sən ey bəşər oğlu, bu məbədi İsrail nəslinə təsvir et ki, üsyanlarından utansınlar və məbədin layihəsini ölçsünlər.
11 Əgər etdikləri bütün işlərdən utanırlarsa, məbədin şəklini, nizamını, giriş-çıxış yerlərini – bütün şəkillərini, bütün qaydalarını, quruluşlarını və qanunlarını onlara bildir. Onların gözü önündə bunları bir yerə yaz. Qoy bütün quruluş və qaydalarına əməl edib onları yerinə yetirsinlər.
12 Məbədlə bağlı qanun budur: dağın başında hər tərəfdən onun bütün ərazisi çox müqəddəs olacaq. Bəli, məbədin qanunu budur.
13 Qurbangahın qulacla ölçüləri belədir. Hər qulaca bir ovuc əlavə edilmişdir: qurbangahı əhatəyə alan xəndəyin dərinliyi bir qulac, eni bir qulac, ətrafındakı çıxıntı bir qarış olacaq. Qurbangahın hündürlüyü isə belədir:
14 qurbangahın yerdəki xəndəkdən alt çıxıntıya qədərki hissəsinin hündürlüyü iki qulac, eni bir qulac, kiçik çıxıntıdan böyük çıxıntıya qədərki hissənin hündürlüyü dörd qulac, eni bir qulac,
15 qurbangahın qurban yandırılan üst hissəsinin hündürlüyü dörd qulac olacaq. Üst hissədən yuxarıya doğru dörd buynuz uzanacaq.
16 Qurbangahın üst hissəsi dördbucaqlı şəklində olacaq. Onun uzunluğu on iki, eni on iki qulac olacaq.
17 Üst çıxıntının dörd tərəfdən uzunluğu və eni hər biri on dörd qulac olacaq. Ətrafındakı kənar yarım qulac, xəndəyin dövrəsi bir qulac olacaq. Qurbangahın pillələri şərqə baxacaq».
18 O adam yenə dedi: «Ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Qurbangah tikildiyi gün üstündə yandırma qurbanları gətirmək və qan tökmək barədə olan qaydalar belədir.
19 Mənə xidmət etmək üçün hüzuruma çıxan, Sadoq nəslindən Levili kahinlərə günah qurbanı olaraq bir buğa ver” Xudavənd Rəbb belə bəyan edir.
20 “Buğanın qanından götürüb qurbangahın dörd buynuzuna, çıxıntının dörd küncünə və ətrafındakı kənarın üstünə sürt. Beləcə qurbangahı pak edib onun üçün kəffarə ver.
21 Günah qurbanı olaraq buğanı götürüb Müqəddəs məkandan kənarda, məbədin təyin edilmiş yerində yandır.
22 İkinci gün günah qurbanı olaraq qüsursuz bir təkə təqdim et. Qurbangah buğanın qanı ilə pak edildiyi kimi təkənin qanı ilə də pak edilsin.
23 Pak etmək işini qurtarandan sonra qüsursuz bir buğa ilə sürüdən bir qoç qurban gətir.
24 Onları Rəbbin önünə gətir. Kahinlər onların üstünə duz səpib Rəbbə yandırma qurbanı olaraq təqdim etsin.
25 Yeddi günün günah qurbanı olaraq hər gün bir təkə hazırla. Qüsursuz bir buğa ilə sürüdən bir qoç da hazırlansın.
26 Qoy yeddi gün qurbangah üçün kəffarə versinlər, onu pak edib təqdis etsinlər.
27 Yeddi gün tamamlanandan sonra kahinlər səkkizinci gün və ondan sonra yandırma və ünsiyyət qurbanlarınızı qurbangahın üstündə təqdim etsin. O zaman sizdən razı olacağam” Xudavənd Rəbb belə bəyan edir».