< Yezekel 34 >
1 Mənə Rəbbin bu sözü nazil oldu:
2 «Ey bəşər oğlu, peyğəmbərlik et, İsrailin çobanlarına qarşı peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Yalnız özlərini bəsləyən İsrail çobanlarının vay halına! Çobanlar sürünü bəsləməli deyilmi?
3 Yağdan yeyir, yundan paltar geyir, bəslənmiş qoyun-keçini kəsirsiniz, ancaq sürünün qayğısına qalmırsınız.
4 Zəiflərə qüvvət vermədiniz, xəstə olanı sağaltmadınız, yaralanana sarğı qoymadınız, azanı geri qaytarmadınız, itəni axtarmadınız. Ancaq zor və qəddarlıqla onlara ağalıq etdiniz.
5 Onlar da çoban olmadığı üçün dağılışdı və vəhşi heyvanlara yem oldu.
6 Mənim sürüm bütün dağları və yüksək təpələri avara dolaşdı. Onlar bütün yer üzünə dağılışdı. Bir soruşan, bir axtaran yox”.
7 Buna görə də, ey çobanlar, Rəbbin sözünə qulaq asın.
8 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun, indi ki çoban olmadığı üçün sürüm qarət edildi, bütün vəhşi heyvanlara yem oldu, çobanlarım da sürümü axtarmadı və bəsləmədi, ancaq öz-özlərini bəslədi –
9 bütün bunlara görə, ey çobanlar, Rəbbin sözünə qulaq asın.
10 Xudavənd Rəbb belə deyir: ‹Mən bu çobanların əleyhinəyəm. Sürüm üçün hesab vermələrini tələb edəcəyəm. Sürünü otarmaq işini bir daha onlara həvalə etməyəcəyəm. Artıq çobanlar özlərini bəsləməyəcək. Sürümü onların dişlərindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar›”.
11 Çünki Xudavənd Rəbb belə deyir: “Mən Özüm qoyunlarımı soruşub axtaracağam.
12 Dağılışmış qoyunlarının arasında olan bir çoban sürüsünü necə yoxlayırsa, Mən də qoyunlarımı eləcə yoxlayacağam. Buludlu və qaranlıq bir gündə ətrafa səpələndikləri hər yerdən onları qurtaracağam.
13 Onları xalqların arasından çıxaracağam, ölkələrdən toplayıb öz torpaqlarına gətirəcəyəm. İsrail dağlarında, vadilərdə, ölkənin bütün məskuni yerlərində onları otaracağam.
14 Onları gözəl bir otlaqda otaracağam. Yaylaqları İsrailin uca dağları üzərində olacaq. Orada gözəl bir yaylaqda yatacaqlar. İsrail dağları üzərində olan sıx otlaqda otlayacaqlar.
15 Sürümü Mən Özüm otaracağam, onları Mən Özüm yatıracağam” Xudavənd Rəbb belə bəyan edir.
16 “İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”.
17 Siz ey Mənim sürüm, Xudavənd Rəbb belə deyir: “Qoyunla qoyun arasında, qoçlarla təkələr arasında Mən hökm edəcəyəm.
18 Gözəl otlaqda otlamağınız sizə az idi ki, otlaqlarınızın qalanını da ayaqlarınız altında tapdalayırsınız? Duru su içməyiniz sizə az idi ki, artığını da ayaqlarınızla bulandırırsınız?
19 Mənim qoyunlarım isə sizin ayaqlarınızla tapdaladıqlarınızı yeyir, ayaqlarınızla bulandırdıqlarınızı içir”.
20 Buna görə də Xudavənd Rəbb onlara belə deyir: “Mən bəslənmiş qoyunla zəif qoyun arasında hökm edəcəyəm.
21 Siz bütün zəif qoyunları böyrünüzlə və çiyninizlə itələyir, kənara çıxarmaq üçün buynuzlarınızla vurursunuz.
22 Buna görə də Mən sürümü xilas edəcəyəm. Onlar daha qarət malı olmayacaq və qoyunla qoyun arasında Mən hökm edəcəyəm.
23 Başlarına onları otaran yeganə çoban olaraq qulum Davudu qoyacağam. Onları o otaracaq, çobanları da o olacaq.
24 Mən Rəbb onların Allahı olacağam, qulum Davud da onların içində rəhbər olacaq” Mən Rəbb bunu söylədim.
25 “Onlarla bir sülh əhdi bağlayacağam, ölkədən zərərli heyvanları qovacağam ki, onlar çöldə asayiş içində yaşayıb meşələrdə yatsın.
26 Onların özlərinə də, təpəmin ətrafındakı yerlərə də bərəkət verəcəyəm. Yağışı vaxtında yağdıracağam, bərəkətli yağışlar olacaq.
27 Çöldəki ağaclar meyvə yetirəcək, torpaq məhsul verəcək. Xalq öz torpağında asayiş içində yaşayacaq. Boyunduruq iplərini qırıb onları qul edənlərin əlindən qurtardığım zaman biləcəklər ki, Rəbb Mənəm.
28 Artıq millətlərin qarət malı olmayacaqlar, vəhşi heyvanlar da onları yeməyəcəklər. Asayiş içində yaşayacaqlar, onları qorxudan olmayacaq.
29 Onlar üçün şöhrətli bir şitillik yetişdirəcəyəm. Daha ölkədə aclıqdan tələf olmayacaq, millətlərin təhqirlərinə məruz qalmayacaqlar.
30 Onda biləcəklər ki, Mən – özlərinin Allahı Rəbb onlarlayam, onlar – İsrail nəsli də Mənim xalqımdır” Xudavənd Rəbb belə bəyan edir.
31 “Mənim qoyunlarım, otlağımın qoyunları siz insanlarsınız, Mən də sizin Allahınızam” Xudavənd Rəbb belə bəyan edir».