< Yezekel 30 >
1 Mənə Rəbbin bu sözü nazil oldu:
2 «Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “‹Ah, o gün› deyib fəryad edin,
3 Çünki o gün yaxındır, Rəbbin günü yaxındır. O gün buludlu gündür, Millətlərin qiyamət günüdür.
4 Misirin üstünə qılınc gələcək, Kuş əzab çəkəcək. Misirdə adamlar həlak olanda Ölkənin sərvəti qarət olunacaq, O öz təməlindən dağılacaq.
5 Misirlə birlikdə Kuş, Put, Lud, Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamları Qılıncdan keçiriləcək”.
6 Rəbb belə deyir: “Misirə arxa olanlar yıxılacaq, Onun qürurlandığı qüdrət çökəcək. Miqdoldan Asvana qədər ərazidə Qılıncdan keçiriləcəklər” Xudavənd Rəbb belə bəyan edir.
7 “Misir xaraba qalmış ölkələr kimi Xaraba qalacaq. Şəhərləri viran olmuş Şəhərlər kimi viran olacaq.
8 Mən Misiri oda təslim edəndə, Ona kömək edənlər əziləndə Biləcəklər ki, Rəbb Mənəm.
9 O gün qayğısız Kuş əhalisini qorxutmaq üçün gəmilərlə qasidlər göndərəcəyəm. Onlar Misirin dağıldığı gün gələndə dəhşətə düşəcək. Budur, o gün gəlir!”
10 Xudavənd Rəbb belə deyir: “Babil padşahı Navuxodonosor vasitəsilə Misirin sərvətinə son qoyacağam.
11 O öz ordusu ilə, millətlər arasında ən rəhmsizi ilə Ölkəni yerlə yeksan etmək üçün gətiriləcək. Misirə qarşı qılınc çəkəcək, Ölkəni ölülərlə dolduracaq.
12 Çayları qurudub, Ölkəni pis adamlara satacağam. Ölkəni də, orada olan hər şeyi də Yadellilərin əli ilə viran edəcəyəm” Mən Rəbb bunu söylədim.
13 Xudavənd Rəbb belə deyir: “Bütləri məhv edəcəyəm, Nofdakı bütləri yox edəcəyəm. Artıq Misirdə rəhbər qalmayacaq, Ölkəni dəhşətə salacağam.
14 Patrosu xarabalığa çevirəcəyəm, Soanı oda verəcəyəm, No şəhərini cəzalandıracağam.
15 Qəzəbimi Misirin qalası olan Sin üzərinə tökəcəyəm, No şəhərinin çoxlu əhalisini yox edəcəyəm.
16 Misiri oda verəcəyəm, Sin ağrıdan qıvrılacaq, No şəhərinin divarı yarılacaq. Gündüz vaxtı Nofda Düşmənlər cövlan edəcək.
17 On şəhərinin və Pi-Besetin cavanları Qılıncdan keçiriləcək. Oradakı əhali sürgün olunacaq.
18 Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zaman Orada gündüz qaranlığa çevriləcək, Qürurlandığı qüdrət məhv olacaq. Şəhər buludlarla örtüləcək, Qızları sürgün olunacaq.
19 Beləcə Misiri cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».
20 Sürgünlüyümüzün on birinci ilində, birinci ayın yeddinci günü mənə Rəbbin sözü nazil oldu:
21 «Ey bəşər oğlu, Misir padşahı fironun qolunu qırdım. Qolu sağalmaq üçün bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc ələ alacaq qədər güclənsin.
22 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir padşahı fironun əleyhinəyəm. Hər iki qolunu – sağlam olanı da, sınanı da qıracaq, qılıncı əlindən salacağam.
23 Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm.
24 Babil padşahının qoluna güc verəcək, qılıncımı onun əlinə verəcəyəm. Fironun isə qollarını qıracağam. O, Babil padşahının önündə ağır yaralı kimi inildəyəcək.
25 Babil padşahının qoluna güc verəcəyəm, fironun qolları isə yanına düşəcək. Qılıncımı Babil padşahının əlinə verəndə, o da bu qılıncı Misir ölkəsinə tuşlayanda biləcəklər ki, Rəbb Mənəm.
26 Misirliləri millətlər arasına yayacağam və ölkələr arasına səpələyəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».