< Yezekel 2 >
1 O mənə dedi: «Ey bəşər oğlu, ayağa qalx, Mən səninlə danışacağam».
2 O mənimlə danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim.
3 O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı üsyan edir.
4 Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!”
5 İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var.
6 Ancaq, ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, əqrəblər içində otursan da, o adamlardan qorxma, onların sözlərindən çəkinmə. Üsyankar bir xalq olsalar da, onların sözlərindən çəkinmə, onlardan qorxma.
7 Sən onlara Mənim sözlərimi söylə, istəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır.
8 Ey bəşər oğlu, sənsə Mənim söylədiklərimə qulaq as, bu üsyankar xalq kimi sən də üsyankar olma. Ağzını aç və Mənim sənə verəcəyim şeyi ye».
9 Mən baxıb gördüm ki, mənə tərəf bir əl uzandı və əlin içində bir tumar var.
10 O, tumarı qabağımda açdı. Tumarın önü və arxası yazılı idi, üzərində «mərsiyə, matəm, bəla» sözləri yazılmışdı.