< Yezekel 19 >
1 Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə:
2 “Sənin anan nə idi? Şirlər arasında dişi bir şir! O, cavan aslanların içində yatardı, Balalarını bəsləyərdi.
3 O, balalarından birini böyütdü, Bala cavan bir şir oldu. Şikar etməyi öyrəndi, Adamları yeməyə başladı.
4 Millətlər onun xəbərini eşitdi, Bu şir onların quyusuna düşüb ələ keçdi. Burnuna halqa taxıb onu Misir torpağına gətirdilər.
5 Dişi şir boş yerə gözlədiyini, Ümid qalmadığını görəndə Balalarından birini götürüb Cavan bir şir etdi.
6 Bu bala şirlər arasında gəzirdi. O da cavan bir şir olub Şikar etməyi öyrəndi, Adamları yeməyə başladı.
7 Onların qəsrlərini dağıtdı, Şəhərlərini viran etdi. Bu şirin nərə səsindən Ölkə və onun əhalisi dəhşət içində idi.
8 Ətraf ölkələrin millətləri Onun üstünə gəldi, Öz torlarını üzərinə atdı, Bu şir onların quyusuna düşüb ələ keçdi.
9 Onun burnuna halqa taxıb qəfəsə saldılar. Onu Babil padşahının yanına gətirdilər. Sonra qalaya saldılar ki, İsrail dağları üzərində Bir daha səsi eşidilməsin.
10 Sənin anan da çay kənarındakı bağında Əkilmiş bir üzüm tənəyi kimi idi. Bol sulardan bəhərli oldu, Çoxlu qol-budaq verdi.
11 Onun budaqları Padşah əsası olacaq qədər gücləndi, Boyu hündür ağaclara qədər ucaldı, Onun çoxlu budaqları ilə Hündürlüyü görünürdü.
12 Ancaq onu qəzəblə Kökündən çıxarıb yerə atdılar, Şərq küləyi onun meyvəsini qurutdu, Möhkəm budaqları qoparıldı, Onlar qurudu, Onları od yandırıb-yaxdı.
13 O indi Çöldə, quraq və susuz torpaqda əkildi.
14 Gövdəsinin bir budağından od çıxdı, Onun meyvəsini yandırıb-yaxdı. Onda padşah əsası olmaq üçün Bir möhkəm budaq da qalmadı”. Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq».