< Yezekel 14 >
1 İsrail ağsaqqallarından bəzisi yanıma gəlib önümdə oturdu.
2 Onda mənə Rəbbin bu sözü nazil oldu:
3 «Ey bəşər oğlu, bu adamlar öz bütlərinə könül verdi və təqsir etmələrinə bais olan şeyləri üzləri önünə qoydu. Bundan sonra Mən onlara cavab verəcəyəmmi?
4 Buna görə də onlara müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “İsrail nəslindən kimsə öz bütlərinə könül verib təqsir etməsinə bais olan şeyə səcdə etsə və peyğəmbərə müraciət etsə, Mən Rəbb ona bütlərinin çoxluğuna görə cavab verəcəyəm.
5 Ona görə ki bütlərindən ötrü Mənə yad olan bütün İsrail nəslinin ürəyini yenidən Özümə cəlb edim”.
6 Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Bütlərinizdən dönün, onları rədd edin və bütün iyrənc işlərinizdən üz döndərin.
7 Əgər İsrail nəslindən hər kəs və İsraildə yaşayan qəriblərdən kimsə Məni tərk etsə, öz bütünə könül verib təqsir etməsinə bais olan şeyə səcdə etsə və özü barədə Məndən soruşmaq üçün peyğəmbərə müraciət etsə, Mən Rəbb ona cavab verəcəyəm.
8 Mən üzümü həmin adama qarşı çevirəcəyəm, onu ibrət və kinayə hədəfi edəcəyəm, xalqımın arasından silib atacağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
9 Əgər peyğəmbər yoldan azıb bir söz söyləsə, bilin ki, o peyğəmbərin yoldan azmasına səbəb olan Mən Rəbbəm. Mən ona qarşı əlimi qaldıracaq və onu xalqım İsrailin arasından silib-atacağam.
10 Onlar öz təqsirlərinin cəzasını çəkəcək. Peyğəmbərdən soruşanın cəzası necə olacaqsa, peyğəmbərin də cəzası elə olacaq.
11 Bunu ona görə edəcəyəm ki, İsrail nəsli bir də Mənim yolumdan sapmasın və bir daha bütün günahları ilə özlərini murdar etməsin. Beləcə onlar Mənim xalqım, Mən də onların Allahı olacağam” Xudavənd Rəbb belə bəyan edir».
12 Mənə Rəbbin bu sözü nazil oldu:
13 «Ey bəşər oğlu, əgər bir ölkə Mənə xain çıxıb günah edərsə, Mən ona qarşı əlimi qaldıraram, çörəyinin kökünü kəsib üstünə aclıq göndərərəm və oradan insanla heyvanı silib ataram.
14 “Əgər Nuh, Daniel və Əyyub – bu üç adam orada olsa belə, salehlikləri ilə ancaq öz canlarını qurtarar” Xudavənd Rəbb belə bəyan edir.
15 “Əgər Mən bu ölkəyə vəhşi heyvanlar göndərsəm, onlar oranı sakinsiz qoysa və o torpaq bu heyvanlara görə xaraba qalıb keçilməz olsa,
16 bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar, ölkə isə xaraba qalar.
17 Yaxud o ölkənin üzərinə qılınc gətirsəm və ona ‹ey qılınc, ölkəni qırıb keç› deyərək insanı və heyvanı oradan silib atsam,
18 bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar.
19 Yaxud o ölkəyə vəba göndərsəm, qan tökməklə onun üstünə qəzəbimi yağdıraraq insanı və heyvanı oradan silib atsam,
20 Nuh, Daniel və Əyyub orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, salehlikləri ilə yalnız öz canlarını qurtarar”.
21 Çünki Xudavənd Rəbb belə deyir: “Hələ Mən Yerusəlimdən insanı və heyvanı silib atmaq üçün dörd ağır cəzamı – qılıncı, aclığı, vəhşi heyvanları və vəbanı onun üzərinə göndərəndə daha nələr olacaq!
22 Amma orada bir dəstə salamat qalacaq. Sağ qalan oğlan və qızlar oradan çıxarılıb sizin yanınıza gələcək. Siz də onların əməllərini və işlərini görəcəksiniz. Onda Yerusəlim üzərinə gətirdiyim bəlaya görə, oraya etdiyim hər şeydən ötrü təsəlli tapacaqsınız.
23 Onların əməllərini və işlərini gördüyünüz zaman bu sizə təsəlli olacaq. Onda biləcəksiniz ki, oraya etdiyim hər şeyi boş-boşuna etmədim” Xudavənd Rəbb belə bəyan edir».