< Yezekel 12 >
1 Mənə Rəbbin bu sözü nazil oldu:
2 «Ey bəşər oğlu, sən üsyankar bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var, ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki onlar üsyankar bir xalqdır.
3 Ey bəşər oğlu, sən sürgünə getmək üçün şeylərini hazırla və onların gözü önündə günün günorta çağı köç, onların gözü önündə öz yerindən başqa bir yerə köç et. Üsyankar bir xalq olsalar da, bəlkə bunu başa düşdülər.
4 Öz şeylərini sürgünə getmək üçün lazım olan şeylər kimi onların gözü önündə günün günorta çağı çıxart. Özün də hamının gözü önündə axşamüstü sürgünə gedən kimi çıx.
5 Onların gözü önündə divarda deşik aç və şeylərini oradan çıxart.
6 Hamının gözü önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki, torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm».
7 Mənə necə əmr olunmuşdusa, eləcə də etdim. Şeylərimi sürgünə getmək üçün lazım olan şeylər kimi günün günorta çağı çıxartdım və axşamüstü divarı əllərimlə deşdim. Şeylərimi qaranlıqda çıxartdım və onların gözü önündə çiynimdə daşıdım.
8 Səhər tezdən mənə Rəbbin bu sözü nazil oldu:
9 «Ey bəşər oğlu, İsrail nəsli – o üsyankar xalq sənə “Nə edirsən?” demədimi?
10 Sən onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu xəbərdarlıq Yerusəlimdə olan rəhbər və orada yaşayan bütün İsrail nəsli üçündür”.
11 Sən belə de: “Mən sizin üçün əlamətəm. Mən necə etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər.
12 Aralarında yaşayan rəhbər şeylərini qaranlıqda çiynində daşıyacaq və bayıra çıxacaq. Şeylərini çıxarmaq üçün divarı deşəcəklər. O, üzünü örtəcək ki, torpağı gözləri ilə görməsin.
13 Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu Babilə – Xaldey ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək.
14 Ətrafındakıların hamısını – köməkçilərini və bütün qoşunlarını küləyin əsdiyi dörd tərəfə səpəcək və onların arxasınca qılınc çəkəcəyəm.
15 Mən onları millətlər arasına yayanda və başqa ölkələr arasına səpələyəndə biləcəklər ki, Rəbb Mənəm.
16 Ancaq onlardan bir azını qılıncdan, aclıqdan və vəbadan sağ buraxacağam ki, öz iyrənc işlərinin hamısını aralarına gedəcəkləri millətlərə danışsınlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».
17 Mənə Rəbbin bu sözü nazil oldu:
18 «Ey bəşər oğlu, çörəyini titrəyərək ye, suyunu əsə-əsə, qorxu ilə iç.
19 Ölkə xalqına söylə ki, İsrail torpağında, Yerusəlimdə yaşayanlar üçün Xudavənd Rəbb belə deyir: “Onlar çörəklərini qorxu ilə yeyəcək, sularını dəhşətlə içəcək, çünki orada yaşayanların hamısının zorakılığından ötrü ölkələri bolluqdan məhrum olacaq.
20 Adam yaşayan şəhərlər viran olacaq və ölkə xarabalığa çevriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».
21 Mənə Rəbbin bu sözü nazil oldu:
22 «Ey bəşər oğlu, İsrail torpağında nə üçün “günlər keçir, hər görüntü puç olur” məsəlini işlədirsiniz?
23 Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu məsələ son qoyacağam, artıq İsraildə bu məsəli işlətməyəcəklər. Ancaq sən onlara söylə ki, hər görüntünün yerinə yetəcəyi günlər yaxınlaşdı.
24 Daha bundan sonra İsrail nəslinin arasında heç bir boş görüntü və aldadıcı falçılıq olmayacaq.
25 Çünki Rəbb Mənəm, Mən deyirəm və dediyim söz yerinə yetir, artıq təxirə salınmır. Ey üsyankar xalq, bu sözü sizin dövrünüzdə deyirəm və onu yerinə yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
26 Mənə Rəbbin bu sözü nazil oldu:
27 «Ey bəşər oğlu, İsrail nəsli belə deyir: “Ona gələn görüntü uzun müddət sonra olacaq, o, uzaq gələcək barədə peyğəmbərlik edir”.
28 Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Heç bir sözümü təxirə salmayacağam, dediyim söz yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».