< Yezekel 1 >
1 Otuzuncu ildə, dördüncü ayın beşinci günü mən Kevar çayı sahilində, sürgündə yaşayanlar arasında olanda göylər açıldı və Allahdan gələn görüntüləri gördüm.
2 Padşah Yehoyakinin sürgün olunmasının beşinci ilində, həmin ayın beşinci günü
3 Xaldey ölkəsində, Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu. Orada Rəbbin əli onun üzərində idi.
4 Mən gördüm ki, budur, şimaldan çovğun yeli və dayanmadan şimşək çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında isə od içində kükrəyən metal kimi bir şey var idi.
5 Ən ortasında canlı məxluqa bənzəyən dörd varlıq mövcud idi. Onların görünüşü insana bənzəyirdi.
6 Hər birinin dörd üzü və dörd qanadı var idi.
7 Onların bacaqları düz idi. Ayaqları dana ayaqlarına oxşayırdı və cilalanmış tunc kimi parıldayırdı.
8 Dörd yanlarında, qanadları altında insan əlləri var idi. Dördü də üzlərə və qanadlara malik idi.
9 Onların qanadları bir-birinə toxunurdu. İrəli gedərkən sağa-sola dönmürdülər, hər biri üz tutduğu tərəfə irəliləyirdi.
10 Onların dörd tərəfə yönələn üzlərinin bənzəyişi belə idi: qabaq tərəfdə insan üzü, sağ tərəfdə aslan üzü, sol tərəfdə öküz üzü, arxada isə qartal üzü var idi.
11 Onların üzləri və qanadları yuxarıya doğru açılmışdı. Hər canlının iki qanadı yanda o biri canlının qanadına toxunur, iki qanadı da bədənlərini örtürdü.
12 Hər biri üz tutduğu tərəfə irəliləyirdi. Ruh hara gedirdisə, onlar da ora gedirdi. İrəli gedərkən sağa-sola dönmürdülər.
13 Bu canlılar görünüşcə yanar köz kimi, məşəl kimi bir şeyə bənzəyirdi. Canlı məxluqların arasında od hərəkətdə idi. Od parıldayırdı və ondan şimşək çaxırdı.
14 Canlı məxluqlar şimşək çaxan kimi cəld o tərəf-bu tərəfə hərəkət edirdi.
15 Mən canlı məxluqlara baxıb gördüm ki, hər birinin yanında yerə dəyən bir təkər var.
16 Təkərlərin görünüşü və quruluşu belə idi: onlar sarı yaqut kimi parıldayır və dördü də bir-birinə oxşayırdı. Onların görünüşü və quruluşu elə idi ki, sanki bir təkər o biri təkər içində yerləşmişdi.
17 Getdikləri zaman dörd tərəfə də gedə bilirdilər. İrəli gedərkən sağa-sola dönmürdülər.
18 Təkərlərin sağanaqları hündür və qorxunc idi. Dördünün də sağanaqları hər tərəfdən gözlərlə dolu idi.
19 Canlı məxluqlar irəlilədikcə təkərlər də yanında fırlanır, canlı məxluqlar yerdən qalxdıqca təkərlər də qalxırdı.
20 Ruh hara gedirdisə, onlar da ora gedirdi, təkərlər də onlarla bərabər qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.
21 Onlar irəliləyəndə bunlar da irəliləyirdi, onlar dayananda bunlar da dayanırdı. Onlar yerdən qalxanda yanlarındakı təkərlər də qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.
22 Yuxarı tərəfdə, canlı məxluqların başı üzərində büllur kimi parıldayan göy qübbəsinə oxşayan qorxunc bir şey uzanırdı.
23 Qübbənin altında hər canlı məxluq qanadlarını yanındakılara doğru uzadır, başqa iki qanadla da bədənini örtürdü.
24 Onlar irəlilədikləri zaman qanadlarının gurultusunu eşitdim: sanki gur suların səsi, Külli-İxtiyarın sədası, güclü gurultu, qoşunun tappıltısı gəlirdi. Onlar dayandıqları zaman qanadlarını endirirdi.
25 Onlar qanadları enmiş halda dayanarkən başları üzərindəki qübbədən bir səs gəldi.
26 Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi.
27 Mən gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır, içi isə hər tərəfdən alov kimi idi. Mən Onun belindən aşağı görünüşünü də gördüm: sanki bir alov idi və ətrafında parıltı var idi.
28 Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinə bənzər bir görüntü idi. Bunu görəndə mən üzüstə yerə yıxıldım və danışan bir Şəxsin səsini eşitdim.