< Çixiş 5 >
1 Musa və Harun gəlib firona dedilər: «İsrailin Allahı Rəbb belə deyir: “Xalqımı burax ki, səhrada Mənim üçün bayram keçirsinlər!”»
2 Firon dedi: «Rəbb kimdir ki, Onun səsinə qulaq asıb İsrail övladlarını buraxım? Rəbbi tanımıram, İsrail övladlarını da buraxmıram».
3 Onlar dedilər: «İbranilərin Allahı bizə göründü. Qoy səhrada üç gün yol gedək və Allahımız Rəbbə qurban gətirək ki, bizə vəba göndərməsin yaxud da qılıncla məhv etməsin».
4 Misir padşahı onlara dedi: «Ey Musa və Harun, nə üçün xalqı işindən ayırırsınız? Gedin, işinizi görün».
5 Sonra firon dedi: «Artıq ölkədə xalq çoxdur, siz isə onları işindən ayırıb istirahət verirsiniz».
6 Həmin gün firon xalqın nəzarətçilərinə və gözətçilərinə əmr edib dedi:
7 «İndiyə kimi etdiyinizdən fərqli olaraq, bir daha xalqa kərpic düzəltmək üçün saman verməyin. Qoy özləri gedib saman yığsınlar.
8 Ancaq indiyə qədər onların üzərlərinə qoyduğunuz gündəlik kərpic sayını azaltmayın. Çünki onlar tənbəldirlər və buna görə də “gedək Allahımıza qurban gətirək” deyib fəryad edirlər.
9 Bu adamlara daha ağır iş verilsin ki, çox çalışsınlar və yalanlara fikir verməsinlər».
10 Xalqın nəzarətçi və gözətçiləri adamların yanına gəlib onlara dedilər: «Firon belə deyir: “Mən sizə saman verməyəcəyəm.
11 Gedin, özünüz haradan istəyirsiniz, saman götürün, ancaq işiniz azalmayacaq”».
12 Xalq bütün Misir torpağına səpələnib saman əvəzinə küləş yığmağa başladı.
13 Nəzarətçilər onları məcbur edərək deyirdilər: «Sizə saman verilən vaxt gördüyünüz gündəlik işi yerinə yetirin».
14 Firon nəzarətçiləri İsrail övladlarının üzərinə qoyduqları İsrailli gözətçiləri döyüb dedilər: «Niyə dünən və bu gün indiyə qədər olan gündəlik kərpic sayını yerinə yetirməmisiniz?»
15 İsrail övladlarından olan gözətçilər fironun yanına gəlib ona fəryad edərək dedilər: «Qullarınla niyə belə rəftar edirsən?
16 Qullarına saman vermirlər, ancaq bizə “kərpiclər düzəldin” deyirlər. Budur, qulların döyülür. Bu sənin xalqının günahıdır».
17 O isə dedi: «Tənbəlsiniz, tənbəl, buna görə də “gedək, Rəbbə qurban gətirək” deyirsiniz.
18 İndi gedin işləyin. Sizə saman verilməyəcək, ancaq gündəlik kərpic sayını düzəltməlisiniz».
19 İsrailli gözətçilər «sizin üçün müəyyən olunmuş gündəlik kərpic sayı azalmayacaq» sözlərini eşidəndə pis vəziyyətə düşdüklərini anladılar.
20 İsrailli gözətçilər fironun yanından çıxanda yolda durub onları gözləyən Musa və Harunla rastlaşıb
21 dedilər: «Qoy Rəbb sizin nə etdiyinizi görsün və sizi məhkum etsin! Siz bizi fironla əyanlarının gözündə iyrənc etdiniz və bizi öldürmək üçün əllərinə qılınc verdiniz».
22 Musa Rəbbə müraciət edib dedi: «Ey Xudavənd, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə göndərdin?
23 Sənin adınla fironla danışmaq üçün gələndən bəri o bu xalqı bəlaya salır, Sən isə onları heç azad etmirsən».