< Çixiş 40 >
1 Rəbb Musaya dedi:
2 «Birinci ayın birinci günü müqəddəs məskəni, yəni Hüzur çadırını qur.
3 Şəhadət sandığını oraya qoy və pərdə ilə qabağını kəs.
4 Sonra masanı gətir, üstünə əşyaları düz. Çıraqdanı gətir, çıraqları da quraşdır.
5 Buxur üçün qızıl qurbangahı Şəhadət sandığının qabağına qoy. Məskənin giriş arakəsməsini də qur.
6 Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin – Hüzur çadırının girişinin qarşısında yerləşdir.
7 Ləyəni Hüzur çadırı ilə qurbangahın arasına qoy, içinə su tök.
8 Ətrafında həyət qur və həyətin darvazasının arakəsməsini as.
9 Sonra məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh et. Beləliklə, onu və bütün avadanlığını təqdis et ki, müqəddəs olsun.
10 Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun.
11 Ləyənlə altlığını məsh edib təqdis et.
12 Harunla oğullarını Hüzur çadırının girişinə gətirib onları su ilə yuyundur.
13 Haruna müqəddəs geyimlər geyindir. Onu məsh edib təqdis et ki, Mənə kahinlik etsin.
14 Sonra Harunun oğullarını təqdim et və onlara xirqələr geyindir.
15 Atalarını məsh etdiyin kimi onları da məsh et ki, Mənə kahinlik etsinlər. Onlar nəsildən-nəslə əbədi kahinlik üçün məsh olunacaqlar».
16 Rəbb Musaya necə əmr etmişdisə, o da bu cür etdi.
17 İsrail övladlarının Misirdən çıxdığı vaxtın ikinci ilində, birinci ayın birinci günündə məskən quruldu.
18 Musa çadırı qurdu: altlıqlarını qoydu, taxtalarını bərkitdi, şüvüllərini qurdu və dirəklərini dikəltdi.
19 Məskənin üzərinə çadır saldı, onun üstünə də çadırın örtüyünü qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
20 Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu.
21 Sandığı məskənin içinə gətirdi və arakəsmə pərdəsini qurub Şəhadət sandığının qabağını kəsdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
22 Masanı Hüzur çadırının içində, şimal tərəfində, pərdənin bayır tərəfindən yerləşdirdi.
23 Onun üstünə Rəbbin hüzurunda çörək düzdü. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
24 Çıraqdanı isə Hüzur çadırının içində, masanın qarşısında, məskənin cənub tərəfində yerləşdirdi.
25 Çıraqlarını da Rəbbin hüzurunda quraşdırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
26 Qızıl qurbangahı da Hüzur çadırının içində, pərdənin önündə yerləşdirdi;
27 onun üstündə ətirli buxur yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
28 Məskənin girişində arakəsməni qurdu.
29 Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin, Hüzur çadırının girişində yerləşdirdi; onun üstündə yandırma qurbanını və taxıl təqdimini gətirdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
30 Ləyəni Hüzur çadırı ilə qurbangah arasında yerləşdirib içinə yuyunmaq üçün su tökdü.
31 Musa, Harun və oğulları orada əl-ayaqlarını yuyardılar.
32 Onlar Hüzur çadırına girdikləri və qurbangaha yaxınlaşdıqları zaman yuyunardılar. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
33 Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə, Musa işləri bitirdi.
34 O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu.
35 Musa Hüzur çadırına girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu.
36 İsrail övladlarının bütün səfəri boyu bulud məskənin üstündən qalxanda yola düşərdilər;
37 bulud qalxmayanda isə, qalxdığı günə qədər yola düşməzdilər.
38 Səfərləri boyu bütün İsrail xalqının gözləri önündə gündüz Rəbbin buludu məskənin üzərində, gecələr isə od buludun içində idi.