5Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçirtdi.
6Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi.
7Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi.
8Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi.
9Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi.
10Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım idi.
11Onu xalis qızılla örtdü. Ətrafına qızıl zolaq qoydu.
12Ətrafında eni bir ovuc olan yan lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu.
13Masa üçün dörd qızıl halqa tökdü, halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi.
14Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər idi.
15Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.
16Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, piyalələri və içmə təqdimlərini tökmək üçün dolçaları düzəltdi.
17Xalis qızıldan bir çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi.
18Çıraqdanın yanlarından altı budaq – bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı.
19Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül var idi.
20Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül var idi.
21Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi.
22Qönçələr və budaqlar onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi.
23Onun üçün yeddi çıraq düzəltdi. Maşaları və xəkəndazları da xalis qızıldan idi.
24Çıraqdanı və onun bütün avadanlığını bir talant xalis qızıldan düzəltdi.
25Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi.
26Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu.
27Onun üçün iki qızıl halqa düzəltdi; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi.
28Şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.
29Ətriyyatçının işi olan Müqəddəs məsh yağını və təmiz ətirli buxuru da hazırladı.