< Çixiş 33 >
1 Rəbb Musaya dedi: «Sən və Misir torpağından çıxardığın xalq bu yeri tərk edin; İbrahimə, İshaqa və Yaquba and edərək “Sənin nəslinə onu verəcəyəm” dediyim torpağa,
2 qarşında bir mələk göndərib Kənanlıları, Emorluları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları oradan qovacağım
3 süd və bal axan torpağa gedin. Siz dikbaş xalqsınız, buna görə Mən aranızda getməyəcəyəm, yoxsa yolda sizi məhv edərəm».
4 Xalq bu bəd xəbəri eşidəndə yas tutdu. Heç kəs bəzək taxmadı.
5 Rəbb Musaya demişdi: «İsrail övladlarına belə söylə: “Siz dikbaş xalqsınız, Mən aranızdan bir anlıq getsəydim, sizi məhv edərdim. İndi isə bəzəklərinizi çıxarın, Mən də bilim ki, sizinlə nə edəcəyəm”».
6 Beləcə Xorev dağının ətəyində İsrail övladları bəzəklərini soyundular.
7 Musa çadırı götürüb onu düşərgədən kənarda – uzaqda qurardı. Onu Hüzur çadırı adlandırdı. Rəblə məsləhətləşən hər kəs düşərgədən kənardakı Hüzur çadırına gedərdi.
8 Musa çadıra tərəf çıxdığı vaxt bütün xalq durardı. Hər kəs çadırının girişində gözləyib, Musa çadıra girənə qədər ardınca baxardı.
9 Musa Hüzur çadırına girəndə bulud dirəyi düşüb çadırın girişində durardı; Rəbb Musa ilə danışardı.
10 Bütün xalq Hüzur çadırının girişində duran bulud dirəyini görər, hamı qalxıb öz çadırının girişində səcdə qılardı.
11 Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. Sonra Musa düşərgəyə qayıdardı. Lakin onun gənc köməkçisi Nun oğlu Yeşua çadırı tərk etməzdi.
12 Musa Rəbbə dedi: «Bax Sən mənə “bu xalqı çıxart” deyirsən, amma mənimlə birgə kimi göndərəcəyini mənə bildirmirsən. Halbuki Sən dedin: “Səni adınla tanıyıram və gözümdə lütf tapmısan”.
13 Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, Öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. Bax bu camaat Sənin xalqındır».
14 O isə Musaya cavab verdi: «Mənim hüzurum səninlə gedəcək. Özüm sənə rahatlıq verəcəyəm».
15 Musa Rəbbə cavab verdi: «Əgər Sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə.
16 Xalqımın mənimlə birlikdə Sənin gözündə lütf tapması indi nə ilə bilinəcək? Sənin bizimlə getməyindən deyilmi? Biz yer üzündə olan digər xalqlardan nə ilə fərqlənək?»
17 Rəbb Musaya cavab verdi: «Sən Məndən dilədiyin bu şeyi edəcəyəm. Çünki gözümdə lütf tapdın və səni adınla tanıyıram».
18 Musa dedi: «İzzətini mənə göstər».
19 Rəbb dedi: «Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm. Kimə istəsəm, lütf göstərərəm, kimə istəsəm, rəhm edərəm».
20 Sonra O davam etdi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz».
21 Sonra Rəbb dedi: «Budur, Mənim yanımda yer var, elə burada, bu qayanın üstündə dur.
22 İzzətim keçəndə səni qayadakı bir yarığa qoyacağam; Mən keçənə qədər səni əlimlə örtəcəyəm.
23 Sonra əlimi səndən çəkəcəyəm və sən Məni arxadan görəcəksən, üzüm isə görünməyəcək».