< Çixiş 26 >
1 Müqəddəs məskəni on pərdədən düzəlt. Pərdələri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəlt.
2 Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac olsun. Qoy bütün pərdələr bir ölçüdə olsun.
3 Pərdələrdən beşi bir-birinə birləşdirilsin, digər beşi də bir-birinə birləşdirilsin.
4 Bir birləşmənin ucunda olan pərdənin kənarında bənövşəyi ilgəklər düzəlt, o biri birləşmənin ucunda olan pərdənin kənarında da eyni şəkildə ilgəklər düzəlt.
5 Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında onlara uyğun gələn əlli ilgək düzəlt.
6 Qızıldan əlli bənd düzəlt. Bəndlərlə pərdələri bərkit və çadırı birləşdir ki, məskən bütöv olsun.
7 Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəlt.
8 Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac olsun. On bir pərdə bir ölçüdə olsun.
9 Beş pərdəni ayrıca və altı pərdəni ayrıca birləşdir. Altıncı pərdəni isə çadırın qabaq tərəfindən qatla.
10 Bir birləşmənin qıraq pərdəsinin kənarında əlli ilgək, o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəlt.
11 Tuncdan əlli bənd düzəlt; bəndləri ilgəklərə tax və çadırı birləşdir ki, o bütöv olsun.
12 Çadırın pərdələrindən artıq qalan pərdənin yarısını məskənin arxa tərəfindən salla.
13 Çadırın pərdələrinin uzunluğunun hər iki ucunda artıq qalan bir qulac parça məskəni örtmək üçün onun hər iki tərəfindən sallansın.
14 Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəlt.
15 Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəlt.
16 Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım olsun.
17 Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana olsun; məskənin bütün çərçivələrini belə düzəlt.
18 Məskənin cənub tərəfi üçün iyirmi çərçivə
19 və onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq olsun.
20 Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə
21 və qırx gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun.
22 Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəlt.
23 Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəlt ki,
24 bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxılsın; hər iki künc üçün elə iki çərçivə olsun.
25 Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun.
26 Əbrişim ağacından şüvüllər düzəlt: məskənin hər iki tərəfindəki çərçivələri üçün beş şüvül,
27 məskənin qərbə doğru arxa tərəfdəki çərçivələri üçün də beş şüvül olsun.
28 Orta şüvül çərçivələrin ortasından bir ucdan o biri uca qədər uzansın.
29 Çərçivələri qızılla ört; şüvüllərin keçdiyi halqaları qızıldan düzəlt; şüvülləri də qızılla ört.
30 Dağda sənə göstərilən layihəyə görə müqəddəs məskəni qur.
31 Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəlt.
32 Onu dörd dirək üstündə as; hər dirək qızılla örtülmüş əbrişim ağacından olsun. Üstündə qızıl qarmaqları olsun və dörd gümüş altlıq üstündə dursun.
33 Pərdəni bəndlərdən as və Şəhadət sandığını oraya, pərdənin arxasına gətir. Bu pərdə Müqəddəs yerlə Ən Müqəddəs yeri ayırsın.
34 Ən Müqəddəs yerdə Şəhadət sandığının üstünə kəffarə qapağını tax.
35 Masanı pərdənin bayır tərəfinə, çıraqdanı masanın qarşısına – məskənin cənub tərəfinə, masanı isə şimal tərəfinə qoy.
36 Hüzur çadırının girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, naxış tikməsi ilə düzəlt.
37 Bu arakəsmə üçün də əbrişim ağacından beş dirək düzəlt və üstünü qızılla ört; üstündə qızıl qarmaqlar olsun və onlar üçün tuncdan beş altlıq tök.