< Çixiş 14 >
1 Rəbb Musaya dedi:
2 «İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın. Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun”.
3 Firon düşünəcək ki, İsrail övladları torpaqda dolaşır, səhra onların yolunu kəsmişdir.
4 Mən isə fironu inadkar edəcəyəm ki, o sizi təqib etsin. Sonra firon və onun ordusunu məğlub edib izzətimi göstərəcəyəm. Bütün Misirlilər biləcəklər ki, Rəbb Mənəm». İsraillilər belə də elədilər.
5 Misir padşahına İsrail xalqının qaçdığını xəbər verəndə firon və məmurlarının fikri dəyişdi. Onlar dedilər: «Biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq?»
6 Firon döyüş arabalarını hazırlayıb adamlarını özü ilə götürdü.
7 O, altı yüz seçmə döyüş arabasını və Misirin bütün arabalarını götürdü. Hər arabanın öz zabiti var idi.
8 Rəbb Misir padşahı fironun ürəyini yenə də inadkar etdi və o, İsrail övladlarını təqib etdi. İsrail övladları isə cürətlə gedirdilər.
9 Misirlilər, fironun bütün araba atları, süvariləri və ordusu onları təqib edib Pi-Haxirot yanında, Baal-Sefon qarşısında dənizin sahilində qurduqları düşərgəyə çatdılar.
10 Firon yaxınlaşanda İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə də İsrail övladları çox qorxdu və Rəbbə fəryad etdilər.
11 Onlar Musaya dedilər: «Məgər Misirdə qəbiristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın? Bizi Misirdən çıxarıb başımıza nə gətirdin?
12 Misirdə sənə “Bizdən əl çək, Misirlilərə qulluq edək!” demirdikmi? Səhrada ölməkdən Misirlilərə qulluq etmək bizim üçün yaxşıdır».
13 Musa isə xalqa belə dedi: «Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz.
14 Sakit olun, Rəbb sizin üçün döyüşəcək!»
15 Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər.
16 Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər.
17 Mən Misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm.
18 Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman Misirlilər biləcəklər ki, Rəbb Mənəm».
19 İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib,
20 Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar.
21 Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və
22 İsrail övladları dənizin ortasında quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu.
23 Misirlilər onları təqib etdilər; fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər.
24 Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıqlıq saldı.
25 O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür».
26 Rəbb Musaya belə dedi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın».
27 Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı.
28 Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı.
29 İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu.
30 Məhz o gün Rəbb İsraili Misirlilərin əlindən xilas etdi. İsrail xalqı Misirliləri dənizin sahilində ölü gördü.
31 İsrail xalqı Rəbbin Misirlilərə böyük qüvvətlə nə etdiyini görəndə Rəbdən qorxdu, Ona və qulu Musaya güvəndi.