< Çixiş 11 >
1 Sonra Rəbb Musaya dedi: «Fironun və Misirlilərin üzərinə daha bir cəza göndərəcəyəm. Bundan sonra o sizi buradan buraxacaq. Hətta nəinki buraxacaq, buradan tamam qovacaq.
2 Xalqa çatdır ki, hər kişi öz qonşusundan və hər qadın öz rəfiqəsindən qızıl-gümüş əşyalar istəsin».
3 Rəbb Öz xalqına Misirlilərin gözündə lütf qazandırdı. Musa özü də Misir ölkəsində fironun əyanlarının və xalqın gözündə çox böyük adam idi.
4 Musa dedi: «Rəbb belə deyir: “Gecə yarısı Mən Misirin ortasından keçəcəyəm;
5 Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək.
6 Bütün Misir torpağında elə böyük fəryad qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da olmayacaq.
7 Lakin bütün İsraillilərin arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur”.
8 Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın!” Bundan sonra mən çıxacağam». Sonra Musa qızğın qəzəblə fironun yanından çıxdı.
9 Rəbb Musaya demişdi: «Misir torpağında möcüzələrim çoxalsın deyə firon sizə qulaq asmayacaq».
10 Musa və Harun bütün bu möcüzələri fironun hüzurunda göstərdilər. Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını öz torpağından buraxmırdı.