< Ester 3 >
1 Bir müddət keçəndən sonra padşah Axaşveroş Aqaqlı Hammedata oğlu Hamanı şərəfləndirib rütbəsini qaldırdı. Ona yanındakı bütün rəislərdən üstün mövqe verdi.
2 Padşahın əmrinə görə padşahın saray darvazasında olan bütün əyanları Hamana baş əyib qarşısında təzim edirdi. Mordokay isə Hamana baş əyərək təzim etmirdi.
3 Padşah sarayının darvazasında olan əyanlar Mordokaydan soruşdular: «Niyə padşahın əmrinə itaət etmirsən?»
4 Bunu Mordokaydan hər gün soruşurdular, lakin o buna əhəmiyyət vermirdi. Bunun xəbəri Hamana çatdı, çünki Mordokay onlara Yəhudi olduğunu söyləmişdi. Hamı bilmək istəyirdi ki, Mordokay belə davranışını davam etdirəcək, yoxsa yox.
5 Haman Mordokayın ona baş əyməyərək qarşısında təzim etmədiyini görəndə kini artdı.
6 Buna görə də təkcə Mordokayı öldürmək niyyəti ilə kifayətlənmədi. Mordokayın hansı xalqa mənsub olması Hamana məlum edilmişdi. Ona görə də o, Mordokayın xalqını – Axaşveroşun padşahlığının hər tərəfində yaşayan bütün Yəhudiləri qırdırmaq qərarına gəldi.
7 Bu işin görüləcəyi günü müəyyənləşdirmək üçün padşah Axaşveroşun hökmdarlığının on ikinci ilində birinci ay olan Nisan ayında Hamanın önündə pur, yəni püşk atdılar. Püşk on ikinci ay olan Adara düşdü.
8 Sonra Haman padşah Axaşveroşa dedi: «Sənin padşahlığının hər vilayətinin xalqları arasına səpələnib yayılan bir xalq vardır. Onların qanunları bütün xalqların qanunlarından fərqlidir və padşahın qanunlarına əməl etmirlər. Onları bu halda qoymaq padşaha yaraşmaz.
9 Əgər padşahın xoşuna gələrsə, qoy onların məhv olunmasına dair fərman yazılsın. Buna görə padşahın xəzinəsinə, bu işi görənlər üçün on min talant gümüş çəkib göndərərəm».
10 Padşah barmağından möhür üzüyünü çıxarıb Yəhudilərin düşməninə – Aqaqlı Hammedata oğlu Hamana verdi.
11 Padşah Hamana dedi: «Gümüş də sənin ixtiyarında olsun, xalq da. Bu xalqa gözündə nə xoşdursa, onu da et».
12 Birinci ayın on üçüncü günündə padşahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılaraq canişinlərə, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr padşah Axaşveroşun adı ilə yazıldı və padşahın möhürlü üzüyü ilə möhürləndi.
13 On ikinci ay olan Adar ayının on üçündə bütün Yəhudiləri – gəncləri, qocaları, körpə uşaqları və qadınları bir gündə qıraraq məhv edib kökünü kəsmək və mallarını talan etmək üçün qasidlərlə bütün vilayətlərə məktublar göndərildi.
14 Bu fərmanın surəti hər vilayətdə qanun kimi dəst-xətlə yazılmalı və o günə hazır olmaları üçün bütün xalqlara bildirilməli idi.
15 Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı.