< Efeslilərə 4 >
1 Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz.
2 Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün.
3 Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın.
4 Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir,
5 Rəbb bir, iman bir, vəftiz bir,
6 hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
7 Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir.
8 Bunun üçün belə deyilir: «Ucalara çıxıb əsirləri Özü ilə apardı, İnsanlara hədiyyələr verdi».
9 Bəs bu «çıxıb» sözü nə deməkdir? Yalnız o deməkdir ki, Məsih əvvəlcə aşağılara, yer üzünə də enmişdi.
10 Enən də Odur, hər şeyi bütövləşdirmək üçün bütün göylər üzərinə çıxan da Odur.
11 Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban və müəllim təyin etdi ki,
12 Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər.
13 Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq.
14 Belə ki artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq.
15 Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək.
16 Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir.
17 Beləliklə, bunu Rəbdə olaraq deyir və xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin.
18 Onların şüurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar olduqlarına görə Allah həyatına yad oldular.
19 Həssaslığı hərtərəfli itirərək hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər.
20 Sizsə Məsihi elə öyrənməmisiniz.
21 Əlbəttə, siz İsanın səsini eşitdiniz və İsada – Ondakı həqiqətə əsasən təlim aldınız.
22 Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın,
23 ruhən və əqlən yeniləşin,
24 əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
25 Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik.
26 Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub
27 iblisə yer verməyin.
28 Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun.
29 Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.
30 Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz.
31 Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun.
32 Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.