< Qanunun Təkrari 33 >
1 Allah adamı Musa ölümündən əvvəl İsrail övladlarına bu xeyir-duanı oxudu.
2 O belə dedi: «Rəbb Sina dağından gəldi, Bizə Seirdən zühur etdi, Paran dağından şəfəq saçdı, On minlərlə müqəddəs mələklər ilə gəldi. Sağ əlində yanar alov var idi.
3 Ya Rəbb, həqiqətən, Sən xalqları sevirsən! Bütün müqəddəslər Sənin əlindədir! Onlar ayağına düşər, sözlərini dinlər.
4 Musa bizə qanuna əməl etməyi tapşırdı, Bu, Yaqubun camaatı üçün bir irsdir.
5 İsrail qəbilələri, Xalqın rəhbərləri bir yerə yığılanda Rəbb Yeşuruna padşah oldu.
6 Qoy Ruven ölməsin, yaşasın! Xalqının sayı azalmasın!»
7 Musa Yəhuda üçün belə dedi: «Ya Rəbb, Yəhudanın səsini eşit, Onu xalqına geri qaytar. O özü üçün öz əlləri ilə döyüşdü, Düşmənlərinə görə ona kömək et!»
8 Levi üçün belə dedi: «Ya Rəbb, Tummimin və Urimin Sənin sadiq qulun üçündür. Onu Massada sınaqdan keçirdin, Onunla Meriva sularında mübahisə etdin.
9 O, ata-anası üçün dedi: “Onlara nəzər salmadım”. Qardaşlarını tanımadı, Övladlarını unutdu, Ancaq Sənin sözünə riayət etdi, Sənin əhdini hifz etdi.
10 Hökmlərini Yaqub nəslinə, Qanununu İsraillilərə öyrədəcəklər. Onlar hüzurunda buxuru, Qurbangahında bütöv yandırma qurbanını təqdim edəcək.
11 Ya Rəbb, onların malına bərəkət ver, Əməllərindən razı qal. Kim onlara hücum etsə, Kim onlara nifrət etsə, Belini qır, Bir daha qalxmasınlar!»
12 Binyamin üçün belə dedi: «Rəbbin sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın! Rəbb gün boyu onu qoruyur, O da Rəbbin qucağında qalır».
13 Yusif üçün belə dedi: «Onun torpağı Rəbdən bərəkət alsın, Göydən gələn qiymətli şehlə, Yer altında yatan dərin sularla,
14 Günəşin yetişdirdiyi ən gözəl barlarla, Hər ay yetişən ən gözəl bəhərlərlə,
15 Qədimdən qalan dağların əla nemətləri ilə, Əbədi təpələrin münbitliyi ilə,
16 Yerin ən qiymətli məhsulu və bolluğu ilə, Kolda məskən Salanın lütfü ilə Qoy bərəkət alsın! Yusifin başı üzərinə – Qardaşlarından ayrı düşənin başı üzərinə Qoy bərəkət yağsın!
17 O, birinci doğulan buğa qədər heybətlidir, Buynuzları çöl öküzünün buynuzlarına bənzəyir. Bu buynuzlarla xalqları, Yer üzünün qurtaracağınadək hər yerdə olanları vuracaq. Bax belədir Efrayimin on minləri, Bax budur Menaşşenin minləri».
18 Zevulun üçün belə dedi: «Ey Zevulun, yola düşəndə sevin, Ey İssakar, çadırlarında sevin!
19 Onlar xalqları dağa çağıracaqlar, Orada salehlik qurbanları kəsəcəklər. Bol dəniz nemətləri ilə, Qumlarda gizlənən xəzinələrlə doyacaqlar».
20 Qad üçün belə dedi: «Qadın ərazisini artırana şükür olsun! Qad aslan tək yaşayır, Qolu, başı qoparır.
21 O özü üçün ilk torpağı seçdi. Çünki onun üçün sərdarın payı saxlanıldı. Xalq rəhbərləri yığılanda Rəbbin ədalətini, İsraillilərə gətirdiyi hökmləri icra etdi».
22 Dan üçün belə dedi: «Dan Başandan sıçrayan Bala aslandır».
23 Naftali üçün belə dedi: «Ey Rəbbin lütfü və bərəkəti ilə dolu olan Naftali, Qərbi və cənubu mülk edəcəksən».
24 Aşer üçün belə dedi: «Oğullar arasında Aşer ən çox bərəkət alsın! Qardaşlarının ən çox bəyəndiyi o olsun! Ayağını zeytun yağına batırsın.
25 Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun, Qüvvətin ömrün boyu qurtarmasın!
26 Ey Yeşurun, bax sənə kömək etmək üçün Göylər və buludlara əzəməti ilə minən Allahın bənzəri yoxdur.
27 Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər.
28 İsrail əmin-amanlıqda yaşayır. Taxıl və təzə şərab torpağında Yaqubun çeşməsi sakit qalır, Oraya göylərdən şeh damır.
29 Ey İsrail! Nə bəxtiyarsan, Sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, Əzəmətli qılıncındır. Sənə düşmənlər yaltaqlanır, Sən onların yuxarı yerlərini tapdalayırsan».